Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.10.2018 12:13
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “Ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir”

Akademik Rasim Əliquliyev: “Ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir”

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev oktyabrın 23-də “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı çərçivəsində gənclərlə görüşüb.

Görüşdə çıxış edən akademik R.Əliquliyev ölkə rəhbərliyinin gənclər siyasətinə müvafiq olaraq keçirilən bu kimi tədbirlərin gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialının üzə çıxarılması, gənc nəslin müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə təşviq edilməsi kimi hədəflərə xidmət etdiyini deyib. Alim ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən, yaradıcı və intellektual fəaliyyətlə məşğul olan gənclərin sayının artırılmasına böyük önəm verildiyini, bu gənclərin cəmiyyətin əsas hərəkətverici qüvvəsini təşkil etdiyini bildirib.

Müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclərin böyük rola malik olduğunu söyləyən akademik R.Əliquliyev gənclərdən ibarət biliklər iqtisadiyyatı ordusunun yaradılmasının zəruriliyini vurğulayıb.

“Hazırda ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir”, – deyən akademik son 15 il ərzində Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlərin artdığını, Azərbaycanın kompüter elmləri sahəsi üzrə nəşr olunan məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında ön sırada olduğunu vurğulayıb.

Alim qeyd edib ki, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq bu istiqamətdə ali məktəblərə qəbulun 7 dəfə artırılması informasiya texnologiyaları üzrə kadrların yetişdirilməsinə göstərilən diqqətin bariz nümunəsidir.

AMEA rəhbərliyi tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, gənclərin inkişafı, intellektual potensialının artırılması, daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi, ölkənin ictimai, sosial və mədəni həyatında rolunun artırılması üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən R.Əliquliyev bildirib ki, akademiyanın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir.

Daha sonra müzakirələr aparılıb. AMEA-nın akademik-katibi ölkəmizdə İKT-nin tətbiqi, elektron tullantılar, “yaşıl” texnologiyalar, proqram mühəndisliyinin tədrisi, informatikanın müxtəlif sahələrə tətbiqi ilə yaranan multidistiplinar elm sahələri və s. məsələlər ətrafında gəncləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: