Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yaradılmış İşçi Qrupunun ilk iclası keçirilib
02.11.2018 09:57
  • A-
  • A
  • A+

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yaradılmış İşçi Qrupunun ilk iclası keçirilib

Noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış İşçi Qrupunun ilk iclası keçirilib.

İclasda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak ediblər.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq İşçi Qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İşçi Qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: