www.science.az
05.11.2018 17:15

V Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb

Noyabrın 5-də Bakıda “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusunda V Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb.

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans AR Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən konfranslardan bəhs edən fotolar və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.

Açılış mərasimində Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterial nümayiş olunub. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış ediblər.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. 

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək konfransın Prezident İlham Əliyevin 18 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirildiyini söyləyib.

Konfransda 40-dan çox ölkədən 120 xarici qonağın iştirak etdiyini deyən Ə.Qarayev tədbirin məqsədinin müasir teatrların imkanları və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, eləcə də yeniləşən dünyada teatr üçün platforma yaratmaq olduğunu bildirib.

Tədbirdə, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam, UNESKO-nun Sülh Artisti Əli Mahdi, Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) Kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar, GİTİS Universitetinin rektoru Qriqori Zaslavski və Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışıb, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğulayıblar.

Tədbir işini plenar iclaslarla davam etdirib.

Qeyd edək ki, konfransa noyabrın 6-da yekun vurulacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.