Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hərb tarixi elminin əsas tədqiqat metodları” adlı dərs vəsaiti çapdan çıxıb
20.11.2018 09:18
  • A-
  • A
  • A+

“Hərb tarixi elminin əsas tədqiqat metodları” adlı dərs vəsaiti çapdan çıxıb

Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru Nurulla Əliyevin AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyova ilə birgə ərsəyə gətirdikləri “Hərb tarixi elminin əsas tədqiqat metodları” adlı dərs vəsaiti çapdan çıxıb.

7 fəsildən ibarət olan kitabda hərb tarixi elminin təşəkkülü prosesinə, elmi tədqiqatın metodlarının və prinsiplərinin öyrənilməsinə geniş yer ayrılıb. Bu nəşr fundamental və sistemli bilikləri ehtiva edir, hərb tarixi üzrə tədqiqatların daha fəal aparılmasını stimullaşdırır. Kitabda hərbi-tarixi tədqiqatların aparılması çərçivəsində metodların təkmilləşdiriliməsi və onların praktiki məşğələlərin keçirilməsində tətbiqi məsələləri işıqlandırılıb, müxtəlif sahələr (sosiologiya, psixologiya, filologiya) üzrə tədqiqatçıların istifadə edəcəyi xüsusi elmi tədqiqat üsulları açıqlanıb.

Dərs vəsaiti iki hissədən ibarətdir. “Tarix elminin prinsipləri. Hərb tarixi elminin metodologiyası” adlı birinci hissə “Tarix bir elm kimi. Tarixi prosesin öyrənilməsi prinsipləri”, “Elmi yanaşma anlayışı” və “Hərbi-tarixi tədqiqatların metodologiyası və metodlarının əsas aspektləri” mövzularına həsr olunmuş 3 fəsildən ibarətdir.

“Hərbi-tarixi tədqiqatların ümumi elmi metodları. Elmi kitabların yazılması metodikası” adlı ikinci hissə elmi metodları universal dərketmənin, empirik, nəzəri problemlərin izah olunduğu dörd fəsildən ibarətdir.

Vəsaitin elmi redaktoru AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, redaktoru Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, filologiya elmləri doktoru Sədi Nuriyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: