Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Science News" jurnalında Qobustandakı tunc dövrünə aid təsvirlərlə bağlı məqalə dərc olunub
20.11.2018 15:01
  • A-
  • A
  • A+

"Science News" jurnalında Qobustandakı tunc dövrünə aid təsvirlərlə bağlı məqalə dərc olunub

Denver şəhərində ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən Amerika Şərq Tədqiqatları Məktəbləri Elmi Qeyri-Hökumət Təşkilatının növbəti konfransı keçirilib.

Tədbirdə ABŞ-ın Arizona Dövlət Universitetinin Antropologiya bölməsinin əməkdaşı, arxeoloq Valter Krist “Qafqazda Yaxın Şərq masaüstü oyunları? Şərqi Azərbaycandan yeni sübutlar” mövzusunda çıxış edib. Alim məruzəsində Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayalardan birində əks olunan təsvir barədə məlumat verib. Bildirib ki, təsvir Qədim Misirdəki “Tazılar və çaqqallar/58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edir.

V.Krist Cənubi Qafqazın əkinçi-maldar əhalisinin Qədim Misir, o cümlədən Yaxın Şərqlə əlaqələrinin indiyədək ehtimal edildiyindən də intensiv olduğunu söyləyib.

O, həmçinin bu ilin aprel ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna elmi ezamiyyəti və Abşeron yarımadasındakı qayaüstü rəsmlər üzrə pilot layihə barədə iştirakçılara məlumat verib.

Amerikalı alimin çıxışı dünya üzrə 12 milyon oxucu auditoriyasına malik olan ABŞ-ın "Science News" jurnalında “Daş üzərində həkk edilmiş tunc dövrünün “58 xana” adlı masaüstü oyunu Azərbaycanda tapılıb” başlığı ilə dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: