Noyabrın 27-də görkəmli elm xadimi, AMEA-nın fəxri üzvü, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Paton Boris Yevgenyeviçin anadan olmasından 100 il ötür.
B.Paton 1918-ci il noyabrın 27-də Ukraynanın Kiyev şəhərində anadan olub. 1941-ci ildə Kiyev Sənaye İnstitutunu elektrotexnika ixtisası üzrə bitirdikdən sonra, Qorki şəhərində “Krasnoye Sormovo” zavodunun Elektrotexnika laboratoriyasında mühəndis işləməyə başlayıb, 1942-ci ildə Nijni Taqildəki Ural vaqon zavodunda fəaliyyət göstərən Elektrik-Qaynaq İnstitutunda fəaliyyətini davam etdirib.
Alimin elmi fəaliyyətinin əsas istiqamətləri flyus altında avtomatik və yarımavtomatik qaynağın aparılması, qövs şəkilli avtomatik qaynağın tədqiqi, qövs şəkilli qaynaq üçün avtomat, qaynaq robotlarının, kibernetik qurğuların yaradılması və yeni metal maddələrin alınması ilə bağlıdır. O, dəyişən cərəyan mənbəli ilk portativ qaynaq avtomatının, qoruyucu qaz mühitində qaynaq üçün yarımavtomatların müəlliflərindən, dünya elm və sənayesində metal qaynağı və elektrometallurgiya sahəsi üzrə ən böyük mütəxəssislərdən biridir.
Onun rəhbərliyi altında qaynaq transformatorlarının tədqiqi və yaradılması sahəsində tədqiqatlar aparılıb, güclü avtomat qurğular yaradılıb, flyus altında yüksək məhsuldar avtomatik qaynaq prosesi tədqiq edilib, qaynaq metallurgiyası nəzəriyyəsinin əsasları qoyulub. Müxtəlif fəza vəziyyətlərində yerləşən qovşaqların flyus altında qövs qaynağı prosesinin işlənməsi tikinti meydanlarında qaynaq işlərinin avtomatlaşdırılmasına imkan verib, boru kəmərlərinin, körpülərin, gəmi gövdələrinin qaynağının və s. iri proseslərin avtomatlaşdırılmasına imkan yaradıb. Alim, həmçinin tozvari məftillə qaynaq, elektroşlak qaynağı, aşağı toksikliyə malik elektrodla qaynaq, su altında qaynaq, lazer şüası ilə qaynaq və s. sahələrdə pioner işlərin müəllifidir.
Böyük elm təşkilatçısı 1943-cü ildə yeni texnologiyanın tətbiqinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub. 1994-cü ildən indiyə kimi Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının prezidentidir. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, həmçinin M.V.Lomonosov, S.P.Korolyov, Yan Çoxralski adına qızıl medallarla təltif edilib, SSRİ Nazirlər Kabinetinin, Ukrayna SSR Nazirlər Kabinetinin, “Triumf”, “Qlobal Enerji” və başqa mükafatlara layiq görülüb. Alimin kəşfləri bu gün təkcə fizika sahəsində deyil, həm də tibb sahəsində tətbiq olunur. O, 20 monoqrafiya, 400-dən artıq ixtira və 1000-dən artıq elmi əsərin müəllifidir.
Qeyd edək ki, B.Paton 2002-ci il mayın 22-də AMEA-nın fəxri (xarici) üzvü seçilib.
Dünya elminə mühüm töhfələr verən, zəngin elmi yaradıcılığa malik görkəmli alimi 100 illik yubileyi münasibətilə təbrik edir, ona həyatın ən şirin neməti olan can sağlığı arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.