Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"İnteraktiv açıq dərs”də şagirdlərə hüceyrənin bölünməsi barədə məlumat verilib
27.11.2018 12:23
  • A-
  • A
  • A+

"İnteraktiv açıq dərs”də şagirdlərə hüceyrənin bölünməsi barədə məlumat verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 221 ümumtəhsil müəssisəsi üçün növbəti interaktiv üsulla “açıq dərs” keçirilib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun apardığı dərsdə şagirdlərə hüceyrənin bölünməsi barədə ətraflı məlumat verilib, orqanizmlərin çoxalma formaları şərh edilib. Bildirilib ki, hüceyrə və onun struktur elementləri orqanizmlərin çoxalmasının maddi əsasını təşkil edir. Orqanizmlər iki əsas çoxalma tipinə mənsubdur. Çoxalma hər hansı növ bitki və heyvanın vacib yaşayış şəraitidir.

Qeyri-cinsi və cinsi çoxalma növlərindən danışan məruzəçi diqqətə çatdırıb ki, hüceyrənin tədqiqi 1590-cı ildə Yanson qardaşlarının işıq mikroskopunu ixtirasından sonra mümkün olub. İlk dəfə Robert Huk 1665-ci ildə bioloji toxumanın-Quercus suber ağacından hazırlanmış tıxacın kəsiyinə mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görüb və onlara hüceyrə adı verib.

Qeyd olunub ki, 1933-cü ildə müasir elektron mikroskoplarının icad edilməsi ilə hüceyrə quruluşunun öyrənilməsində yeni dövr yaranıb və artıq bu mikroskoplarla 4 A ölçüdə hüceyrə komponentlərini tədqiq etmək mümkündür. Elektron mikroskopları işıq mənbəyi əvəzinə elektron selindən istifadə olunur.

Ramiz Ələkbərov hüceyrə nəzəriyyəsindən də bəhs edərək bildirib ki, bu, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyədir və XIX əsrin ortalarında təşəkkül tapıb. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Teodor Şvann, Mattias Şleyden və Rudolf Virxov tərəfindən qoyulub. Teodor Şvann və Mattias Şleyden ilk dəfə olaraq hər bir orqanizmin quruluş vahidinin hüceyrə olduğunu sübut edərək “hüceyrəsiz həyat yoxdur” ifadəsini elmə gətiriblər.

Dərsdə çoxalmanın növləri, Mitoz və Meyoz bölümündə xromosom və DNT-dəki dəyişikliklər, o cümlədən Mitozla meyozu Venn diaqramında müqayisəsi videogörüntü vasitəsi ilə əhatəli şəkildə şagirdlərin diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: