Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.11.2018 15:13
  • A-
  • A
  • A+

AMEA-da hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair seminar-məşğələ keçirilib

AMEA-da hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair seminar-məşğələ keçirilib

AMEA-nın Rəyasət Heyətinin İkinci xüsusi şöbəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair seminar-məşğələ keçirilib.

Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərini aparan əməkdaşlar iştirak ediblər.

İclası şöbənin rəisi Eldar Quliyev açaraq tədbirin akademiya prezidentinin "AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinin vəziyyəti və bu sahədə illik hesabatların hazırlanması haqqında" 8 oktyabr 2018-ci il tarixli 629 nömrəli sərəncamının icrasına həsr olunduğunu bildirib.

E.Quliyev bu istiqamətdə görülən işlərin İkinci xüsusi şöbənin ildə bir dəfədən az olmayaraq keçirdiyi toplantılarda müzakirə edildiyini, hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinin “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının, eləcə də Nazirlər Kabinetinin 8 may 2013-cü il tarixli “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”na uyğun olaraq aparıldığını söyləyib.

O, çağırışçıların hərbi xidmətə hazırlığına müntəzəm nəzarət olunduğunu, cari ildə AMEA-nın 35 elmi müəssisə və təşkilatında yoxlamaların aparıldığını, aşkar edilmiş nöqsanların aradan qaldırılaraq lazımi tövsiyələr verildiyini deyib.

Şöbə rəisi hərbi vəzifəlilərin  və  çağırışçıların  hərbi  uçot  vərəqələrində  olan məlumatların hər il sentyabr ayı ərzində SHXÇDX-nin yerli şöbə və bölmələrində olan məlumatlarla tutuşdurulmalı olduğunu diqqətə çatdırıb. E.Quliyev, həmçinin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatların (forma 6) 1 yanvar 2019-cu il tarixinədək hazırlanıb Dövlət Xidmətinin yerli rayon şöbələrində razılaşdırılaraq İkinci xüsusi şöbəyə təqdim edilməli olduğunu vurğulayıb.

Sonra İqtisadiyyat Nazirliyinin Səfərbərlik hazırlığı şöbəsinin müdiri - təxsislə (bronla) işçi qüvvəsi saxlayan Respublika Komissiyasının məsul katibi Bəhruz Məmmədov çıxış edərək hərbi uçot və bronetmə işlərinin AMEA-da yüksək səviyyədə aparıldığını və respublika üzrə nümunəvi olduğunu deyib, bununla əlaqədar İkinci xüsusi şöbənin əməkdaşlarına öz minnətdarlığını bildirib. B.Məmmədov respublikanın müdafiə qabiliyyətinin artırılması məsələsinin daim nəzarətdə saxlanıldığını, səfərbərlik hazırlığının real təhlükələr nəzərə alınmaqla dünyada baş verən proseslərə uyğunlaşdırıldığını söyləyib.

O, respublika ərazisində hərbi vəzifəlilərin bron edilməsi işinə rəhbərliyin, işin təşkili və ona nəzarətin Nazirlər Kabinetinin 24 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılan təxsislə işçi qüvvəsi saxlayan Respublika Komissiyası tərəfindən həyata keçirildiyini deyib. B.Məmmədov komissiyanın qısa müddətdə bir çox uğurlara imza atdığını və növbəti il yekun hesabat iclası keçirəcəyini diqqətə çatdırıb.

Nazirlik rəsmisi təşkilatlarda işləyən hərbi vəzifəlilərin müharibə dövründə tutduğu vəzifə və peşələrin müəyyənləşdirilməsinin önəminə də toxunub. O, bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatları qeyri-kafi hazırlayanlar üçün qanunvericilikdə inzibati cərimələrin də nəzərdə tutulduğunu söyləyib.

B.Məmmədov "forma 6"nın və hərbi vəzifəlilərin təxsis olunması qaydalarının yenilənmiş variantının tezliklə dövlət orqanlarına və təşkilatlara təqdim ediləcəyini bildirib.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik Şaiq Məmmədov çıxış edərək respublikada bu istiqamətdə ciddi işlərin aparıldığını vurğulayıb. Ş.Məmmədov ölkənin müstəqilliyini qoruması və qüdrətli dövlətə çevrilməsi üçün səfərbərlik hazırlığının zəruri olduğunu deyib.

O, təmsil etdiyi qurumun dövlət və yerli özünüidarə orqanlarında, təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsini təşkil etmək, təxsis edilmiş hərbi vəzifəlilərin vahid uçotunu aparmaq səlahiyyətlərinə malik olduğunu bildirib.

Rəis müavini idarə və təşkilatlardan SHXÇDX-nin yerli şöbə və bölmələrinə təqdim edilən hesabatların zamanında göndərilməsinin və üzləşdirməni aparan şəxsin ad, soyad və vəzifəsini sənəd üzərində qeyd etməsinin önəmli məsələ olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra İkinci xüsusi şöbənin baş mütəxəssisi Natiq Mehdiyev çıxış edərək illik hesabatların hazırlanması qaydalarının təkmilləşdirilməsi, blankların dəqiq və düzgün doldurulması üçün tövsiyə və göstərişlər verib.

Seminarda, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işləri və illik hesabatların hazırlanmasının vəziyyəti haqqında cari ildə görülən işlər barədə çıxışlar dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: