Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmi kadrların attestasiyası sisteminin təkmilləşdirilməsi  ilə bağlı islahatların aparılması zərurəti çoxdan yetişib
28.11.2018 16:50
  • A-
  • A
  • A+

Elmi kadrların attestasiyası sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatların aparılması zərurəti çoxdan yetişib

AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev “Kaspi” qəzetində ölkədə elmi kadrların attestasiyası sisteminin təkmilləşdirilməsinə həsr olunmuş “İslahatların aparılması zərurəti çoxdan yetişib” adlı məqalə ilə çıxış edib. Alim məqalədə Azərbaycanda iqtisadiyyatın inkişafına xidmət edən mühüm dövlət proqramlarının qəbulundan, aparılan islahatlar tempinin yüksəldilməsindən söz açaraq, bu islahatların bəzi sahələrdə heç də təcili və təxirəsalınmaz templərlə həyata keçirilmədiyini, xüsusən də elmi kadrların attestasiyası sisteminin dərin islahatların aparılması üçün hələ ki qapalı sahə olduğunu vurğulayıb.   

Müəllif həm keçmiş SSRİ dövründə, həm də müstəqilliyimizi bərpa edəndən sonra bu sistemin təkmilləşdirilməsi və dəyişikliklərin aparılması üçün edilən bütün cəhdlərin qarşısının uğurla alındığını qeyd edərək, bu sahədə islahatların aparılması zəruriyyətinin çoxdan yetişdiyini bildirib: “Məqalə ölkədə elmi ad və dərəcələrin verilməsi sistemində müşahidə olunan və həlli olduqca böyük əhəmiyyət kəsb edən vacib problemlərə diqqəti artırmaq məqsədini daşıyır”.

“SSRİ süquta uğrayandan sonra Ali Attestasiya Komissiyası ümumittifaq strukturu kimi öz fəaliyyətini dayandırdı. Rusiyada və bəzi keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistanda analoji strukturlar yaradıldı” – bildirən alim dünyada inkişaf etmiş dövlətlərin təcrübəsinə də toxunaraq, alimlərin hazırlanması və attestasiyası məsələsi ilə bağlı Fransa, Yaponiya, ABŞ və İngiltərə kimi ölkələrdə görülən tədbirləri qeyd edib.

Akademik İbrahim Quliyev bu sahədə islahatların aparılması zəruriliyini diqtə edən əsas amillərdən biri kimi Azərbaycanın “Boloniya prosesi”nin iştirakçısı olmasını da göstərib: “Elm və təhsil sahələrində vahid beynəlxalq etalona riayət etmək elmi cəmiyyətdə diplomların və elmi dərəcələrin tanınması prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirməklə avropaya inteqrasiyaya, beynəlxalq elmi mübadiləni intensivləşdirməyə imkan verir, yeni elmi ideyalara, birgə tədqiqatlara, elmi qrantlara, yeni texnologiya və investisiyalara əlyetərliyi asanlaşdırır”.

Alim iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası üçün dövlətin elmi kadrların attestasiyası sistemində islahatların aparılmasında ikiqat maraqlı olduğunu bildirib.    

www.kaspiy.az

  • Paylaş: