Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” mənzum romanının mükəmməl nəşri
03.12.2018 10:08
  • A-
  • A
  • A+

Dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” mənzum romanının mükəmməl nəşri

Azərbaycan Milli Elmlər Akademiyası dahi Azərbaycan şair-mütəfəkkiri Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndən sonra ikinci poeması “Xosrov və Şirin”i Akademiyanın prezidenti Akif Əlizadənin layihə rəhbərliyi ilə bu günlərdə nəşr etdirmişdir. Görkəmli tərtibatçı-rəssam Fəxrəddin Əli möhtəşəm əsərə çəkdiyi miniatürlərdə öz böyük istedadını, yaradıcılıq enerjisini, peşəkarlığını əsirgəmədiyi kimi, “Şərq-Qərb” nəşriyyatı da zəngin poliqrafik ənənələrinə sadiq qalaraq Azərbaycan kitab mədəniyyətinə hər cəhətdən mükəmməl bir töhfə vermişdir. Xosrov və Şirin” Xalq şairi Rəsul Rzanın məşhur tərcüməsində təqdim olunur. Respublikanın Əməkdar rəssamı Fəxrəddin Əli “Xosrov və Şirin” mənzum romanını nəfis miniatürlərlə işıqlandırmışdır.

Nəşrin redaktoru akademik İsa Həbibəyli yazır: “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması (1180) Şərq ədəbiyyatında meydana çıxmış mükəmməl mənzum romandır. Dahi şair bu əsərində mövzunu hökmdarların həyatından alsa da, sələflərindən və müasirlərindən fərqli olaraq böyük eşq dastanı yaratmışdır. “Xosrov və Şirin” dastanı Azərbaycan ədəbiyyatında möhtəşəm eşq abidəsi kimi mühüm yer tutur. Nizami Gəncəvi bu əsərində eşqin qüdrətini dünyanın mənası və insan şəxsiyyətinin əzəməti kimi tərənnüm etmişdir.

“Xosrov və Şirin” poemasında ilahi eşqin fonunda bir çox ictimai mətləblərdən bəhs olunmuş, dövlət, cəmiyyət və xalq münasibətləri ibrətamiz hadisələr və yaddaqalan bədii obrazlar vasitəsilə canlandırılmışdır. Nizami Gəncəvi Fərhadın Şirinə olan pak sevgisi əsasında əsl məhəbbətin insanı ucaltmaq qüdrətini göstərmişdir. Dahi şair əsərdə Xosrov Pərvizlə Şirinin macəralarının işığında isə eşqin hökmdarı da dəyişib kamilləşdirmək imkanlarını isbat etmişdir. Bundan başqa, Nizami əsərdə mahir daşyonan Fərhadın timsalında əməkçi insanın böyük obrazını yaratmışdır. Bütün bunlara görə, həqiqətən də, ədəbiyyatşünaslıqda etiraf olunduğu kimi, “dünya ədəbiyyatının məhəbbət mövzusunda yazılmış əsərləri içərisində müstəsna yer tutan bu dastanda şair insana yüksək hisslər aşılayan, onu daxilən saflaşdıran, mənən yüksəldən saf, təmiz məhəbbətin qadir gücünü təsdiq etmişdir”.

Şərqşünas alim Məsiağa Məhəmmədi yazır: “Məsələ burasındadır ki, “Xosrov və Şirin” istər Nizaminin öz yaradıcılığında, istərsə də Azərbaycan və bütövlükdə Şərq ədəbiyyatı tarixində tamamilə yeni bir hadisə idi. Bu əsərdə Nizami ilk dəfə şəxsi və ictimai harmoniya barədə təlimini irəli sürüb (həmin təlim onun sonrakı əsərlərində inkişaf etdirilib). Əsərin məzmunu, çoxplanlı süjeti, mükəmməl kompozisiyası, surətlərin təqdiminin xarakteri və ümumən pafosu onu Azərbaycan ədəbiyyatı tarixində roman janrının ilk nümunəsi hesab etməyə tam əsas verir. Bu barədə Mikayıl Rəfilidən tutmuş Y.Meletinskiyə qədər bir çox alimlər fikirlər söyləyib. Yəni əsərin ənənəvi olaraq poema adlandırılması şərti səciyyə daşıyır. “Xosrov və Şirin” əslində, bir romandır. Daha dəqiq demək istəsək, mənzum roman. Roman, bilindiyi kimi, qəhrəmanlıq eposunun fəlsəfi mənada inkarı kimi meydana çıxıb. Nizami ilə Firdovsinin yaradıcılıq münasibətləri də bu aspektdə dəyərləndirilməlidir. Yəni Firdovsidən fərqli olaraq, Nizami Xosrovu bir hökmdar kimi deyil, bir insan kimi təsvir edir. Əsərin mərkəzində insan şəxsiyyəti, onun daxili aləmi, mənəvi təbəddülatı dayanır və məhəbbət macərası fonunda Nizami fərd və cəmiyyət problemini, şəxsi istəklərlə ictimai vəzifələrin kolliziyasını misilsiz bir məharətlə təqdim edir”.

“Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd Şeyx Nizami Gəncəvi Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri-dahi şair-mütəfəkkirdir.

1141-ci ildə Azərbaycanın elm-mədəniyyət mərkəzi kimi məşhur olan Gəncə şəhərində doğulmuş, bütün ömrünü burada yaşamış, dünya şöhrətli əsərlərini-qəzəllərini, “Xəmsə”sini də bu qədim şəhərdə qələmə almışdır. Nizaminin həyatı təmtəraq, dəbdəbə içərisində keçməmiş, hələ uşaq ikən atasını, sonra anası Rəisə xanımı itirdiyindən, onun təlim-tərbiyəsini dayısı Həsən öz üzərinə götürməli olmuşdu. Dayısının himayəsi ilə yanaşı, fitri istedadı, yaradıcılıq enerjisi, zəhmətkeşliyi, eləcə də Gəncə mühiti imkan vermişdi ki, gənc İlyas tezliklə mükəmməl təhsil alıb, dövrünün bütün əsas elmlərini dərindən öyrənsin. Sonralar yazırdı ki, 

“dünyada nə qədər kitab var belə, 

çalışıb-vuruşub gətirdim ələ; 

oxudum, oxudum sonra da vardım, 

hər dürlü xəznədən min dür çıxardım”.

Əsərlərindən məlum olur ki, Nizami Müsəlman İntibahının əsas dilləri olan ərəbcəni, farscanı öz ana dili türkcə qədər dərindən bildiyi kimi, yəhudi, yunan və s. dillərə də bələd olduğundan onun dünyagörüşü müasirlərindən müqayisə edilməyəcək qədər geniş idi. Və heç də təsadüfi deyildi ki, həm kökündən-əslindən gələn ruhani nüfuza, həm də özünün son dərəcə müdrik, humanist xarakterinə görə Nizami istər xalq kütlələri, istərsə də dövrün hakimləri, hökmdarları arasında yüksək mövqeyi ilə seçilmiş, Şərq-müsəlman ənənələrindən irəli gələrək saraylara dəvət olunmuşdur. Lakin dahi şair-mütəfəkkir özünün yavan çörəyini sarayların naz-nemətindən üstün tutduğundan heç də az olmayan bu cür təklifləri qəbul etməmişdir.

Şöhrəti Gəncə hüdudlarından çox-çox kənara yayılmış şairə Dərbənd hökmdarının hədiyyə olaraq göndərdiyi kənizlə-qıpçaq qızı Afaqla evlənməsi Nizaminin kasıb komasına bir müddət işıq, istilik, zənginlik gətirir... Afaqın vaxtsız ölümünü şair sonsuz kədərlə qarşılayıb, əsərlərində, xüsusilə “Xosrov və Şirin” poemasında Şirinin gözəlliyini tərənnüm edərkən yazır ki, “o (Şirin) mənim qıpçaq Afaqıma bənzərdi, bəlkə də, onun özü idi”.

Afaqdan doğulmuş yeganə oğlu Məhəmmədin də şeir yazdığını görən Nizami onu bu yoldan çəkindirməyə çalışmış, məşhur misralarını söyləmişdi: 

“Şeirdən ucalıq umma dünyada, 

çünki Nizamiylə qurtardı o da”.

Əlbəttə, burada həm səmimi bir ərk, həm də doğma övlada düzgün yol göstərmək istəyi var.

Nizami istər qəzəllərini, istərsə də “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi” (1177), “Xosrov və Şirin” (1180), “Leyli və Məcnun” (1188), “Yeddi gözəl” (1197) və “İsgəndərnamə” (1203) poemalarını mövcud ədəbi-mədəni ənənəyə uyğun olaraq farsca yazmışdır. Və həmin ənənə Azərbaycan poeziyasında bütün orta əsrlər boyu bu və ya digər səviyyədə özünü göstərmiş, Qətran Təbrizi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi kimi Azərbaycan şairləri hələ Nizamiyə qədər farsdilli ədəbiyyatın dünyaca məşhur örnəklərini yaratmışdılar.

Lakin etiraf etmək lazımdır ki, Nizami yaradıcılığı həm forma, həm də məzmunca sələflərilə müqayisə olunmayacaq bir miqyas qazanmışdır.

“Eşqdir mehrabı uca göylərin,

eşqsiz, ey dünya, nədir dəyərin”

fəlsəfəsilə yazıb-yaradan şair dünyanın ən ümumbəşəri, ən humanist eşq dastanlarını qələmə almış, yer üzündə ədalətin, xoşbəxtliyin, demokratiyanın tərənnümçüsü olmuşdur. Təsvir etdiyi hadisələr, müxtəlif millətlər arasından aldığı qəhrəmanlar, bir tərəfdən, orta əsrlərə məxsus epik fundamentalizmi ilə fərqlənirsə, digər tərəfdən, Şərq (Müsəlman) İntibahının məhsulu olan psixoloji analitizmi, müfəssəl polemik ruhu ilə seçilir.

Şairin, demək olar ki, bütün poemalarında özünü göstərən Xeyir-Şər dilemması da zərdüştlüyün məşhur tarixi formuləsindən daha çox, Müsəlman İntibahının formalaşdırdığı yeni idrak-mənəviyyat prinsiplərinin interpretasiyasında verilir. Və bir dini dünyagörüşün inhisarından çıxarılaraq ümumfəlsəfi dünyagörüşü, ümumbəşəri təfəkkür metafizikası səviyyəsinə yüksəldilir.

Nizaminin Eşqi ağıllı, müdrik, dünyada harmoniya, mütənasiblik yaradan fəlsəfi eşqdir. Və bu Eşq nə qədər İlahidirsə, o qədər Həyati; nə qədər Həyatidirsə, o qədər İlahidir... “Xəmsə” araşdırıcıları Nizami yaradıcılığının genotipini, ideya-estetik mənbələrini müəyyənləşdirərkən üç məqama üstünlük verirlər:

1) qədim türk eposu;

2) antik fəlsəfə;

3) Müsəlman İntibahı ideyaları.

Heç şübhəsiz, Nizaminin dahi bir şair-mütəfəkkir kimi yetişməsinin əsas qaynağı doğma ümum (qədim) türk epos yaradıcılığı ənənələridir ki, “Xəmsə”nin hər bir poemasında özünü bütün miqyası, parlaqlığı ilə göstərir... “Yaradılış”, “Oğuz Kağan”, “Köç”, “Alp Ər Tonqa” kimi qədim türk dastanlarında təzahür edən ideyalar, motivlər “Xəmsə” üçün olduqca səciyyəvidir.

Məsələn, İran eposundan fərqli olaraq, türk eposunun sevimli obrazına çevrilmiş Makedoniyalı İskəndərə Nizaminin xüsusi dəyər verərək, onu son (və ən mükəmməl!) poemasının ideal qəhrəmanı kimi təqdim (və tərənnüm!) etməsi təsadüfi deyil. Və heç bir İran şairi dahi yunan sərkərdəsinə bu cür münasibət göstərməzdi. Türklər arasında isə Nizamiyə qədərki min beş yüz il ərzində Makedoniyalı İskəndər ədalət simvoluna çevrilmişdi... Onu da nəzərə almaq lazımdır ki, dahi şairin xüsusi diqqət yetirdiyi ideal hökmdar problemi, “xoşbəxtlər ölkəsi” arzusu və s. barədə ondan bir əsr əvvəl böyük sələfi Əbu Nəsr əl-Fərabi ət-Türki öz fəlsəfi traktatlarında artıq bəhs etmiş, Nizaminin üzərində düşünməsi üçün geniş mövzu-material vermişdi... Aristoteldən sonra “ikinci müəllim” sayılan ət-Türki kimi Nizami də həm antik fəlsəfəyə dərindən bələd, həm də Müsəlman İntibahının yaratdığı miqyaslı dünyagörüşünə sahib idi...

Onun əsərlərində, bir tərəfdən, hökmdarların, böyük tarixi şəxsiyyətlərin (İskəndər, Xosrov, Şirin, Bəhram, Sultan Səncər) obrazları canlandırılırsa, digər tərəfdən, öz şəxsiyyətlərini qoruyan adi zəhmət adamlarına sonsuz hörmət, məhəbbət ifadə olunur. Akademik Həmid Araslı yazır ki, “Xosrov və Şirin” poemasının baş qəhrəmanı “Şirin dünya ədəbiyyatı tarixində orijinal bir qadın obrazıdır, Qərbi Avropa ədəbiyyatında belə bir yüksək, ağıllı və praktik qadın obrazını yalnız Şekspir tragediyasında görürük. Dantenin Beatriçası da bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər”. Şairin qadın qəhrəmanları, ümumən qadına münasibəti Məhin Banunun, Nüşabənin, Fitnənin timsalında yüksək bəşəri dəyərlərilə seçilməklə “Dədə Qorqud” eposundakı münasibəti xatırladır. Və bu da tamamilə təbii olub dahi mütəfəkkirin hansı ideya-estetik, mənəvi-əxlaqi qaynaqlara dayandığını bir daha təsdiq edir.

Əlbəttə, Nizami yaradıcılığı, prinsip etibarilə, Azərbaycan ədəbiyyatı hadisəsi olsa da, ona a)ümumtürk, b)ümumşərq və c)ümumdünya ədəbiyyatı kontekstlərində baxmadan dahi şair-mütəfəkkirin tarixi miqyasını (və ədəbi missiyasını) təsəvvür etmək çətindir. Lakin uzun illər istər Şərq, istərsə də Qərb ədəbiyyatşünaslıq təcrübələrində Nizami İran şairi kimi təqdim olunmuşdur ki, bu zaman onun məhz farsca yazması əsas götürülmüşdür. Həmin məntiqlə yanaşsaq, onda gərək tərcümeyi-halları, yaradıcılıqlarının ideya-estetik kordinasiyası yaxşı məlum olan onlarla türk şairini iranlı elan edək. Yaxud həm türkcə, həm farsca, həm də ərəbcə yazmış Azərbaycan şairi Füzulini eyni zamanda üç xalqın övladı sayaq...

Mütəxəssislər Nizami yaradıcılığında şəksiz ümumbəşəri miqyas ilə birlikdə eyni dərəcədə şəksiz türklüyü (azərbaycanlılığı) yalnız ideya-məzmunda deyil, həm də forma-üslubda görürlər. Məşhur İran ədəbiyyatşünaslarından Səid Nəfisi vaxtilə yazmışdı ki, “Nizamidən türk ətri gəlir”. Görkəmli Azərbaycan ədəbiyyatşünası Həmid Araslı isə Nizaminin dilində işlənən spesifik türk-Azərbaycan sözlərindən, ifadələrindən çoxlu örnəklər vermişdi... Belə bir maraqlı fakt-müqayisə də mövcuddur: “Şahnamə”də fars dilini bütün zənginlikləri, incəliklərilə əks etdirmiş Firdovsidən sonra Nizami bu dilə elə yeniliklər gətirdi ki, farsdilli poeziya uzun zaman həmin yeniliklərin təsirindən çıxa bilmədi... Bu isə o deməkdir ki, türk-azərbaycanlı Nizami yazdığı dilin poetik ənənələrini həm davam etdirmiş, həm də ona türk təfəkkürü mövqeyindən rezonans vermişdir.

Nizamişünaslıq bu gün ən inkişaf etmiş filoloji elmlərdən sayılır ki, onun təşəkkülü üçün ilk növbədə dünya şərqşünaslığının Y.E.Bertels, A.Y.Krımski kimi nəhənglərinə minnətdar olsaq da, sonrakı dövrlərdə həmin elmin hüdudlarının genişlənməsində, problemlərinin dərinləşməsində, heç şübhəsiz, azərbaycanlı alimlər daha böyük əmək sərf etmişlər. Məhəmməd Əmin Rəsulzadənin 1941-ci ildə qələmə alıb 1951-ci ildə Ankarada nəşr etdirdiyi “Azərbaycan şairi Nizami” monoqrafiyası isə, görünür, nizamişünaslığın ən möhtəşəm əsəridir. Şair-mütəfəkkirin dövrünün, yaşadığı siyasi, sosial və mədəni coğrafiyanın geniş panoramını verən, Nizaminin milli kimliyi, yaradıcılığının genezisi, tipologiyası, əsas ideyaları (və idealları) barədə müfəssəl təsəvvür formalaşdıran M.Ə.Rəsulzadə yazır: “Gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?”.

“Azərbaycan şairi Nizami” monoqrafiyasının müəllifi Firdovsi ilə Nizaminin ən müxtəlif tərəflərdən müqayisə edərkən Firdovsidə fars, Nizamidə isə islam təəssübkeşliyi olduğunu göstərir. Və deyir: “O (Nizami-N.C.), bütün duyğu və şüuru ilə müsəlmandır... Allahın təkliyinə inanır, farsca yazsa da, duyğu və şüuru farslıqdan uzaqdır”.

Nizami saraylardan kənarda dayansa da, dövrün xüsusilə türk hökmdarları ilə həmişə yaxın, səmimi münasibətləri olmuşdur. “Sirlər xəzinə”sindən sonra qələmə aldığı ikinci poemasını-“Xosrov və Şirin”i Atabəy Məhəmməd Cahan Pəhləvana göndərmiş, onun ölümündən sonra taxta çıxan Qızıl Arslan ehtiram əlaməti olaraq Gəncə yaxınlığında şairlə görüşüb Həmdünyan adlı kəndi ona bağışlamışdı. “Yeddi gözəl”i isə Ələddin Körpə Arslana həsr etmişdi.

Nizaminin şairlik qüdrətindən xəbərdar olan Şirvan hökmdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş verib, onu da əlavə edir ki, həmin əsər türkcə yox, farsca olsun. Nizami bu təklifi qəzəblə qarşılayır. Və hökmdarın 

“türk dili yaraşmaz şah nəslimizə,

əskiklik gətirər türk dili bizə” 

sözləri müqabilində “qan vurdu beynimə, əsdi dodağım” deyir. Şairin belə bir reaksiya verməsini nizamişünaslar onun həm ana dilinə ehtiramının ifadəsi sayır, həm də türkcə əsərlər yazmış olduğu qənaətinə gəlirlər. Ancaq təəssüf ki, indiyə qədər Nizaminin türkcə heç bir əsəri tapılmamışdır.

Dahi Azərbaycan şairi, mütəfəkkiri 1209-cu ildə Gəncədə vəfat etmişdir. Onun məzarı yüz illər boyu müqəddəs sayılmış, yalnız Azərbaycandan deyil, dünyanın hər yerindən Şeyx Nizaminin ziyarətinə gəlmişlər. Dəfn olunduğu yerdə şairin adına layiq möhtəşəm məqbərə ucaldılmışdır.

Ömrü boyu doğma şəhərindən kənara çıxmayan Nizami Gəncəvi əsərlərinin nadir əlyazma nüsxələri Bakı, Təbriz, Tehran, Daşkənd, İstanbul, Qahirə, Dehli, Moskva, Sankt-Peterburq, Paris, London və s. kitabxana, muzey, əlyazma fondlarında ən qiymətli incilər kimi qorunub saxlanılır ki, bu da azərbaycanlı şair-mütəfəkkirin dünya şöhrətinin əyani göstəricisidir. Və neçə yüz illərdir ki, humanizm, sülh, həmrəylik, ali insani hisslər təbliğ edən Nizami dühası bəşəriyyətə ruh, mənəvi güc, enerji verir.

Nizami Cəfərov, akademik

"Respublika" qəzeti, 2 dekabr 2018-ci il

  • Paylaş: