www.science.az
07.12.2018 09:19

Akademik Akif Əlizadə Ukrayna Milli Elmlər Akademiyasının 100 illik yubiley medalı ilə təltif olunub

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev daxildirlər.

Xarici ölkələrin milli elmlər akademiyalarının rəhbərlərinin iştirak etdiyi konfransda akademik Akif Əlizadə UMEA-nın 100 illik yubiley medalı ilə təltif olunub.

Tədbirdə çıxış edən AMEA rəhbəri Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda elmin inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, bu gün iki ölkənin ali elm ocaqları arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

UMEA-nın 100 illik tarixində böyük inkişaf yolu keçdiyini deyən akademik A.Əlizadə bu qurumun nəinki ölkəsi, həm də xarici dövlətlər üçün yüksəkixtisaslı kadrlar yetişdirdiyini diqqətə çatdırıb. 

Konfransda xarici ölkələrin elm ocaqlarının daha koordinasiyalı şəkildə fəaliyyət göstərmələrinin vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.