Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub
11.12.2018 07:39
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub

Heydər Əliyev Mərkəzində erkən dəmir dövrünə aid bəzək əşyalarının təqdimatı olub. Eksponatlar mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək.

Qeyd edək ki, bəzək əşyaları Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax bölgəsində apardığı arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində 52 ədəd qızıl məmulatı – yüksək ustalıqla hazırlanmış bir cüt sırğa, üzük, yarpaqşəkilli və boruşəkilli muncuqlar, asma bəzək əşyaları tapılıb. Tapıntılar Azərbaycanın qədim tarixində mühüm bir mərhələni təşkil etmiş Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin son mərhələsinə aiddir.

Təqdimat zamanı çıxış edən Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva bildirib ki, mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrinin, irsinin araşdırılması, gənc nəsil arasında yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənətimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirib. Ziyarətçilərin ən çox üz tutduğu ekspozisiyalar sırasında olan “Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək bu eksponatlar vasitəsilə qonaqlara tariximiz barədə yeni məlumat çatdırılmış olacaq.

Sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxış edərək dövlət başçısının qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin yüksək inkişaf pilləsinə çatdığını qeyd edib. Bildirib ki, bu gün arxeoloji ekspedisiyalar nəticəsində yüzlərlə tarixi abidələr, maddi-mənəvi dəyərlər üzə çıxır. Bu tapıntılar bir daha Azərbaycanın ən qədim insan məskənlərindən, sivilizasiya mərkəzlərindən olduğunu göstərir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli isə çıxışında hazırda təqdimatı keçirilən bu arxeoloji tapıntıların hələ eramızdan əvvəl, 3000-2700 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut etdiyini vurğulayıb. Bildirib ki, bu zinət əşyaları həmin dövrün araşdırılması baxımından yüksək tarixi dəyərə malikdir. Bəzək əşyaları sayına və rəngarəngliyinə görə Azərbaycanın qədim tarixinə aid aşkar edilmiş qızıldan olan ən zəngin tapıntılardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: