Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Türkmənistanda UNESCO-nun tədbirlərində iştirak edib
12.12.2018 09:36
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Türkmənistanda UNESCO-nun tədbirlərində iştirak edib

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Türkmənistanın paytaxtı Aşqabad şəhərində elmi ezamiyyətdə olub.

Alim səfər çərçivəsində UNESCO-nun təşkilatçılığı ilə İpək Yolu seriya nominasiyası layihəsinin Əlaqələndirmə Şurasının toplantısında məruzə ilə çıxış edib. Akademik şuranın qədim İpək Yolu üzərində yerləşən ölkələrdə mövcud tarixi-mədəni abidələrin Dünya İrs siyahısına daxil edilməsi və onların qorunması işində böyük rol oynadığını vurğulayıb. O, toplantı iştirakçılarına Azərbaycan ərazisində İpək Yolu ilə bağlı olan memarlıq və arxeoloji abidələr haqqında geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan sözügedən layihəyə qoşulmaqda maraqlıdır və bu sahədə ölkənin müxtəlif qurumlarında, o cümlədən AR Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və AMEA-da ciddi müzakirələr aparılır. 

Öz növbəsində UNESCO-nun İpək Yolu seriya nominasiyası layihəsinin üzv ölkələrinin nümayəndələri Azərbaycanla bu sahədə sıx əməkdaşlığa hazır olduqlarını toplantının yekun bəyannaməsində bildiriblər.

Azərbaycanlı alim, həmçinin UNESCO-nun “Böyük İpək yolunun əhəmiyyəti: bugünü və gələcək inkişafı” mövzusunda beynəlxalq konfransda da iştirak edib. Konfransda məruzə ilə çıxış edən akademik Xəzər dənizi ölkələrinin dayanıqlı inkişafında İpək Yolu layihələrinin rolundan danışıb, bu sahədə əməkdaşlığın elmi-mədəni əlaqələrin, o cümlədən beynəlxalq turizmin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Ş.Mustafayev daha sonra iyirmiyə qədər ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfransın sonuncu sessiyasına moderatorluq edib. 

Bundan əlavə, o, UNESCO-nun “İpək Yolu Onlayn platformu interaktiv atlası”nın müzakirəsinə həsr olunan ekspertlərin görüşünə də qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: