Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.12.2018 13:23
  • A-
  • A
  • A+

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirilib

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirilib

Dekabrın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirilib.

Tədbirdə ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə  qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib.

“İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır” – deyə bildirən AMEA prezidenti qeyd edib ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirdi ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizim, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini söyləyən A.Əlizadə ölkəmizin informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı İnternet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır.

“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, – deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini bildirib.

Alim qeyd edib ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.

Akademik A.Əlizadə AMEA-da informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması işlərinin həyata keçirildiyini, İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra aktual istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, dissertasiya işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.

AMEA rəhbəri ölkəmizin informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün bu kimi elmi-nəzəri konfrasların və ictimai müzakirələrin keçirilməsinin vacib olduğunu söyləyərək, artıq ənənə halını almış bu konfransın gələcəkdə beynəlxalq səviyyəli elmi toplantıya çevrilməsinin zəruriliyini vurğulayıb.

Konfransda Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AR Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzİdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və digərləri çıxış edərək tədbirin əhəmiyyətini qeyd ediblər. Bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söyləyiblər.

Daha sonra konfrans işini plenar iclasla davam etdirib. İclasda akademik Rasim Əliquliyev “İnformasiya  təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusunda məruzə ilə çıxış edərək, informasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Alim informasiya və kommunikasiya sistemlərinə təhdidlər, elektron resursların qorunması və rəqəmsal irsin  formalaşdırılması, İnternet mühitində uşaqların mühafizəsi ilə bağlı mövcud problemlərdən söz açıb.

Akademik R.Əliquliyev, həmçinin texnoloji sistemlərin kiberfiziki təhlükəsizliyi, milli proqram sənayesi və informasiya təhlükəsizliyi məsələlərindən bəhs edib, milli veb-resursların statistik-analitik mexanizmlərinin işlənməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması, milli veb-resursların statistik və analitik təminat mərkəzləri və servislərinin yaradılması zərurəti bu istiqamətlərdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini önə çəkir.

R.Əliquliyev milli antivirus, antispam və antiplagiat sistemlərinin konseptual əsasları barədə də məlumat verərək, informasiya təhlükəsizliyi və sosiohumanitar elmlərin qarşılıqlı əlaqəsindən danışıb. Qeyd edib ki, sosiohumanitar elmlər informasiya təhlükəsizliyinin qarşısında duran vəzifələrin həllində, eləcə də informasiya təhlükəsizliyi sosiohumanitar elmlərin problemlərinin həllində xüsusi rol oynaya bilər.

Alim, eləcə də informasiya təhlükəsizliyinin normativ-hüquqi bazasının inkişafı ilə əlaqədar təkliflərini səsləndirib. Onun sözlərinə görə, bu məqsədlə pilotsuz uçuş aparatlarına dair, eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən irəli gələn qanunlar qəbul edilməli, normativ-hüquqi sənədlərin praktikada geniş tətbiqi üçün kompleks tədbirlər görülməli, informasiya hüquqi sahəsində kadr hazırlığı və elmi araşdırmalar həyata keçirilməlidir.

“Azərbaycan dilinin qorunması milli informasiya təhlükəsizliyi problemidir”, – deyə bildirən R.Əliquliyev e-milli dövlətin arxitektur əsaslarından danışıb. Bildirib ki, buraya milli terminologiya sistemi, milli orfoqrafiya-orfoepiya sistemi, transliterasiya sistemi, kompüter tərcüməsi sistemləri, milli lüğətlər, dialektoloji sistem, dil biliklərinin tədrisi və qiymətləndirilməsi sistemləri, milli adlar sistemi, linqvistik təhlükəsizlik sistemi, azsaylı xalqların dil resursları və sistemləri, işarə dili resursları və sistemləri, mətn mühəndisliyi və s. daxildir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. O, AzScienceNet şəbəkəsinin infrastrukturu, istifadə siyasəti, şəbəkənin Data Mərkəzinin texniki imkanları, şəbəkənin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası, Azərbaycan Təhsil Şəbəkəsi ilə əməkdaşlıq, informasiya təhlükəsizliyinin təmin olunması üçün görülmüş işlər, şəbəkədən istifadə zamanı yolverilməz əməllər, istifadəçilərə nəzarət və xəbərdarlıq, təhlükəsizlik hadisələrinin yaranma səbəbləri haqqında ətraflı məlumat verib.  

R.Ələkbərov şəbəkədə informasiya təhlükəsizliyi siyasətinin məqsəd və vəzifələrindən söz açaraq bildirib ki, informasiya təhlükəsizliyinə təhdidlərin AMEA-nın şəbəkələrinə və informasiya resurslarına vura biləcəyi maddi və mənəvi ziyanın minimumlaşdırılması, AMEA-nın işgüzar nüfuzunun yüksəldilməsi, informasiya təhlükəsizliyi üçün vahid prinsiplərin formalaşdırılması, informasiya təhlükəsizliyi sisteminin yaradılması, fəaliyyəti və inkişafı üçün müvafiq təşkilati-metodiki bazanın formalaşdırılması əsas məqsəd və vəzifələrdəndir.

Məruzəçi, həmçinin AzScienceCERT xidməti, AzScienceNet-in monitorinq və informasiya təhlükəsizliyi xidməti və bu xidmətin təşkili üçün istifadə olunan proqram təminatları və avadanlıqlar, Verilənlərin Emalı Mərkəzinin avadanlıqların etibarlılığının artırılması, informasiya təhlükəsizliyi üzrə fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı görülən işləri nəzərə çatdırıb.

Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elektron dövlətdə milli təhlükəsizliyə bəzi təhdidlərin aşkarlanması metodları haqqında” mövzusunda məruzə ilə çıxış edərək, elektron dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin filtrasiyasına dair yanaşma, təhdidlərin qiymətləndirilməsi üçün qeyri-səlis model, e-dövlət mühitində toplanmış məlumatlardan anomaliyaların aşkarlanması üçün metodun təklif olunduğunu bildirib. Həmin metod və modellər haqqında ətraflı məlumat verən alim qeyd edib ki, bu metodların digər məlum metodlarla müqayisəsi aparılmış, eksperimental nəticələr yeni yanaşma və metodların effektivliyini sübut etmişdir.

Daha sonra konfrans “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin praktiki problemləri” bölmələri üzrə seksiya iclasları ilə davam etdirilib.

İclaslarda “E-dövlət mühitində sosial münasibətlərin təhlükəsizliyi”, “Bulud əsaslı elektron dövlət xidmətlərinin səmərəliliyinin artırılması metodu”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması məsələləri”, “İnformasiya iqtisadiyyatının kibertəhlükəsizliyinin təminatı istiqamətləri və texnologiyaları”, “Elektron milli dövlət: Azərbaycan dilinin qorunması və inkişafı üçün imkan və perspektivlər”, “Plagiatlıqla mübarizə informasiya təhlükəsizliyinin mühüm istiqaməti kimi”, “Elektron dövlət mühitində fərdi məlumatların mühafizəsi problemləri”, “Proqram təminatının təhlükəsizliyinin təmin olunmasının bəzi üsulları haqqında”, “Proqram təminatının testləşdirilməsi üçün sınaq texnologiyalarının təhlili”, “Verilənlərin sanitarizasiyası – informasiya təhlükəsizliyinin təmini kimi”, “Kompüter şəbəkələrində zərərli proqramların analizi üsulları” və s. mövzularda məruzələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: