Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mahaçqalada keçirilən beynəlxalq konfransda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məruzə dinlənilib
18.12.2018 16:49
  • A-
  • A
  • A+

Mahaçqalada keçirilən beynəlxalq konfransda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məruzə dinlənilib

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin Mahaçqalada keçirdiyi "Qafqaz xalqlarının dövləti və hüququ: qurulması, inkişafı və müasir vəziyyəti" adlı beynəlxalq elmi konfransda iştirak edib.

Tədbirdə "Müsəlman Şərqinin ilk Cümhuriyyəti - Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda məruzə ilə çıxış edən azərbaycanlı alim Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli şüurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını deyib. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini xüsusi qeyd edən M.Qasımlı 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın ən böyük dövlətləri tərəfindən tanınmasının, nizami ordu yaradılmasının, müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi vurğulayıb.

Alim Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib. Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb və istiqamətdə iş davam etdirilir.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: