Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İsrail səfiri Milli Azərbaycan Tarixi Muzeyində olub
21.12.2018 13:23
  • A-
  • A
  • A+

İsrail səfiri Milli Azərbaycan Tarixi Muzeyində olub

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və xanımı Gili Stav onları müşayiət edən səfirlik əməkdaşları ilə birgə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Qonaqlara muzeyin tarixi barədə məlumat verilib. Bildirilib ki, muzeyin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub.

Daha sonra qonaqlar Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olublar.

Nümayəndə heyətinə görkəmli xeyriyyəçi, sahibkar Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində ilk müsəlman qızlar məktəbinin yaradıcısı olması, Quranı Azərbaycan dilinə ilk dəfə tərcümə və şərh etdirməsi barədə məlumat verilib.

Xalqımızın bir çox görkəmli şəxsiyyətinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar israilli qonaqlar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: