Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan arxeologiyasının əsasları” kitabı təqdim olunub
26.12.2018 14:52
  • A-
  • A
  • A+

“Azərbaycan arxeologiyasının əsasları” kitabı təqdim olunub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” kitabının təqdimatı keçirilib. 

Tədbiri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq son elmi araşdırmalar və arxeoloji tədqiqatlar əsasında yazılan əsərin elmi müəssisələr və universitetlərin əməkdaşları, arxeologiya ilə maraqlananlar üçün nəzərdə tutulduğunu bildirib.

Sonra AMEA-nın müxbir üzvü Vəli Əliyev çıxış edərək əsərdə Azərbaycanın mərhum arxeoloqları haqqında bioqrafiyaların yer almasını yüksək qiymətləndirib, cəmiyyətin belə mühüm şəxsiyyətləri tanımasının əhəmiyyətindən danışıb.

Professor Əsədulla Cəfərov 14 bölmədən ibarət “Azərbaycan arxeologiyasının əsasları” kitabının sanballı əsər olduğunu, Azərbaycan arxeologiyasının problemlərini tam əhatə etdiyini bildirib.

Tarix üzrə elmlər doktoru, professor Şikar Qasımov isə Qafar Cəbiyevin təkcə ölkədaxili nəşrlərlə deyil, beynəlxalq konfranslarda məruzələr və nüfuzlu jurnallarda elmi məqalələri ilə Azərbaycan arxeologiyasını təmsil etdiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin tarix üzrə fəlsəfə doktorları Həbibə Əliyeva, Elmira Abasova və Taleh Əliyev çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda nəşrin müəllifi Q.Cəbiyev tədbir iştirakçılarına minnətdarlığını bildirərək deyib ki, ölkəmizdə tarixi-mədəni irsə göstərilən dövlət qayğısından əhatəli şəkildə bəhs edən bu əsər əsasən arxeologiya ixtisası üzrə təhsil alan doktorant və dissertantlar, habelə ali məktəblərin magistr və bakalavr pilləsində tarix ixtisası üzrə təhsil alanlar üçün nəzərdə tutulub. Vəsaitdə Azərbaycanda arxeologiya elminin inkişaf mərhələləri, arxeoloji dövrlər, arxeoloji mədəniyyətlər və son yüz il ərzində respublika ərazisində aparılmış arxeoloji tədqiqatlar barədə kifayət qədər dolğun məlumat verilib. Son onilliklərdə Azərbaycanın müxtəlif yerlərində aparılmış arxeoloji tədqiqatlar və onların ən mühüm nəticələrinin ilk dəfə olaraq bu formatda təqdimatı dərs vəsaitinin əsas üstünlüyü kimi dəyərləndirilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: