Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

YUNESKO ilə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlıq əlaqələri möhkəmlənir
01.11.2013 00:00
  • A-
  • A
  • A+

YUNESKO ilə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlıq əlaqələri möhkəmlənir

AMEA Rəyasət Heyətində YUNESKO-nun Moskva ofisinin direktoru Dendev Badarç və AR Prezidenti yanında YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ilə görüş keçirildi.

Öncə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İTİ-nin əsas fəaliyyət istiqamətlərindən danışdı. Təhsildə informasiya texnologiyalarının tətbiqi, təhsil proseslərinin informasiyalaşdırılması, bu prosesdə müxtəlif elmi problemlərin tədqiqinin institut qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirdi. Müasir dövrdə bu sahədə innovativ inkişafın əldə olunmasının zəruriliyini vurğulayan alim ölkənin təhsil sisteminin inkişafı üzrə qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr haqqında məlumat verdi. Cari ilin “İKT ili” elan olunması ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planında təhsildə İKT-nin tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdı.

Professor həmçinin YUNESKO ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə layihələrin təşkilinin İnformasiya Texnologiyaları İnstitututunun prioritet istiqamətlərindən olduğunu qeyd etdi.

Təmsil etdiyi qurum barədə məlumat verən D.Badarç müasir dövrdə elm və təhsilin inteqrasiyasının mühüm məsələlərdən olduğunu vurğuladı, təşkilatın bu işlərə böyük önəm verdiyini diqqətə çatdırdı. O qeyd etdi ki, müasir texnologiyalardan istifadə bacarığı, qabaqcıl biliklərin əldə olunması və inkişafı təhsil sistemi qarşısında duran əsas vəzifələrdən olmalıdır. İT ilə bağlı tədris materiallarının əldə edilməsi məsələsinə toxunan Badarç açıq təlim resurslarının yaratdığı imkanlardan söhbət açdı.

Görüşdə həmçinin YUNESKO ilə birgə təlim və seminarların təşkili, elm və təhsildə İKT-nin tətbiqi ilə əlaqədar konfransların keçirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: