www.science.az
18.01.2019 15:02

Ermənistan mətbuatında Azərbaycanın hərbi qüdrətinin artırılması ilə bağlı məlumat yayılıb

Ali Baş Komandan İlham Əliyevin hərbi siyasəti nəticəsində güclənməkdə olan Azərbaycan Silahlı Qüvvələrinin müasir silahlarla təchizatı və zirehlənməsi işğalçı Ermənistan dövlətini narahat edib.

Azərbaycan Milli Elmlər Akademiyası dövlətimizin müdafiə qüdrətinin artırılması sahəsində əhəmiyyətli töhfələr verməkdədir. AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Buta Armor” şirkəti də öz fəaliyyəti və istehsal etdiyi məhsullarla bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Şirkətin hazırladığı zirehli jiletlər və aksesuarlar, minaların zərərsizləşdirilməsi və axtarışı üçün kostyumlarla bağlı Ermənistan mətbuatında məlumat yayılıb.

Ölkənin www.nkobserver.com saytı “Buta Armor” Azərbaycan Silahlı Qüvvələrinin Bolqarıstan anti-ballistik avadanlıqları ilə təchiz olunmasını təmin edəcək” başlığı ilə xəbər yayıb. Xəbərdə qeyd edilir ki, 2019-cu ildən etibarən yeni bir şirkət Azərbaycan Silahlı Qüvvələrini anti-ballistik texnologiya əsasında istehsalı nəzərdə tutulan vasitələrlə təchiz edəcək. 2018-ci ilin fevralında Bakıda əsası qoyulan “Buta Armor” şirkəti Bolqarıstanın “Mars Armor” şirkəti ilə əməkdaşlıq edəcək. 

Məlumatda, həmçinin şirkətin Bakıda qərargahı, eləcə də Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt və Naxçıvan şəhərlərində filiallarının fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, Bolqarıstan və Azərbaycana məxsus şirkətlərin bundan öncə də əməkdaşlıq əlaqələri mövcud idi. Hər iki tərəf, xüsusən də Azərbaycan həm biznes əlaqələri, həm də müdafiə sənayesinin inkişafına ciddi maraq göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.