Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
18.01.2019 15:36
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “20 Yanvar-azadlığımızın və iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib.

Öncə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev faciənin başvermə səbəbləri və nəticələrindən, bu qanlı hadisəyə siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin böyük şücaətindən, şəhidlərin ailələrinə, əlillərə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insanların təpədən dırnağadək silahlanmış imperiya ordusuna qarşı çıxması, bu zaman xeyli insanın şəhid olması Azərbaycanın müstəqillik yolunda mübarizəsinin ən şanlı səhifələrindəndir.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsi", tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “20 Yanvar faciəsi-insanlığa qarşı cinayət” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “20 Yanvar faciəsi poeziyada” mövzusunda məruzələri dinlənilib.

Konfransda qanlı yanvar qırğınının dəhşətlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: