www.science.az
24.01.2019 14:49

MEK tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahıları” mövzusunda tədbir keçirilib.

Tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə töhfə olaraq rəhbərlik etdiyi müəssisə tərəfindən azadlıq və repressiya qurbanlarının siyahısının hazırlandığını söyləyib. O, hazırlanmış siyahının elektron kataloqa salındığını və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini diqqətə çatdırıb.

Siyahının hazırda açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin nəzərdə tutulduğunu deyən L.İmanova ictimaiyyəti, xüsusilə Türkiyə və İranda təhsil alan həmyerlilərimizi bu məsələdə MEK-ə dəstək verməyə çağırıb.

Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova hazırlanmış siyahıya dair təqdimatla çıxış edib. O, bolşeviklərin Azərbaycanda hakimiyyətinin ilk illərində insanların təqib və böhtanlara məruz qaldığını, AXC-nin yaradılmasında iştirak etmiş insanların repressiya qurbanlarına çevrildiyini, ziyalı, hərbçi, elm, mədəniyyət, incəsənət və din xadimlərinin Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edildiyini, onların dəfn yerlərinin ictimaiyyətə məlum olmadığını vurğulayıb.

Bölmə rəhbəri bunu nəzərə alaraq tədqiqatçıların yazılarından istifadə etməklə həmin insanlar haqqında “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı”nın hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, siyahı araşdırmaçı Şəmistan Nəzərlinin “Arxivlərin sirri açılır” əsəri, həmçinin tədqiqatçı alim Nəsiman Yaqublunun AXC ilə bağlı yazıları və müxtəlif İnternet portallardakı məlumatlar əsasında hazırlanıb.

N.Həsənova 546 nəfərlik siyahıda AXC dövründə təhsil almağa göndərilən tələbələr barədə məlumatların da yer aldığını, siyahının gələcəkdə genişləndiriləcəyini deyib.

Tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, yazıçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işçisi Samir Mirzəyev və digərləri çıxış edərək MEK-in təşəbbüsünü yüksək qiymətləndirib, AXC mühacirləri ilə bağlı tədqiqatların aparılmasının və onların siyahıya daxil edilməsinin önəmini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.