“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib.
Kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Yeni nəşrə Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Ərəb paltarlı türkün talesizliyi” sərlövhəli “Ön söz” yazıb və şairin soy-kökü məsələsinə bir daha aydınlıq gətirib. Qum versiyasını və “rəiseyi-qord” birləşməsi kimi elmi əsası olmayan ehtimalları təkzib edən alim şairin Gəncədə doğulub böyüdüyünü və atasının türk olduğunu elmi-məntiqi dəlillərlə təsdiqləyib.
Xalq şairi Səməd Vurğun tərəfindən böyük sənətkarlıqla Azərbaycan dilinə çevrilən bu əsər Əməkdar rəssam Fəxrəddin Əlinin ustalıqla çəkdiyi rəsm nümunələri ilə oxuculara təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.