Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.02.2019 14:39
  • A-
  • A
  • A+

AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir

AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) birgə iclası keçirilib.

Tədbirdə AMEA İşlər idarəsinin müdir müavini Sərdar Əliyev, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, akademiyanın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri və həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra o, Neft-Kimya Prosesləri İnstitutunun Həmkarlar Komitəsinin sədri, kimya üzrə fəlsəfə doktoru Bahadur Ağayevə 70 illik yubileyi münasibətilə AHİ-nin Fəxri fərmanını təqdim edib.

Tədbirdə İşlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkil edilməsi məqsədilə qəbul olunduğunu, bununla əlaqədar AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsinin ayrıldığını bildirib.

S.Əliyev qeyd edib ki, sənədə əsasən xüsusi komissiya yaradılıb, ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb. Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrılıb.

İdarə rəsmisi torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilənin uzadılacağını diqqətə çatdırıb. O, yaxın günlərdə ərazidə yolların çəkilməsi prosesinə başlanılacağını, sahələrdə ekoloji tələblərə riayət olunacağını deyib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: