Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev: “Sosiologiya elmi sahəsində multidissiplinar tədqiqatların aparılması müasir dövrün tələbidir”
08.02.2019 16:35
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “Sosiologiya elmi sahəsində multidissiplinar tədqiqatların aparılması müasir dövrün tələbidir”

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev İctimai Elmlər Bölməsinin 2018-ci ildəki fəaliyyətinə həsr olunan tədbirdə bir sıra təkliflərlə çıxış edib.

AMEA-da son illərdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü deyən akademik R.Əliquliyev bu qurumda innovativ elmi layihələrin həyata keçirilməsi üçün güclü platformanın yaradıldığını, qabaqcıl texnologiyalardan istifadə olunduğunu bildirib. Alim akademiyanın elmi bölmələrində elektron elm sahəsində görülən işlər və əldə olunan nailiyyətlərə dair geniş hesabatın hazırlanmasının məqsədəuyğun olduğunu deyib.

R.Əliquliyev bildirib ki, bu gün virtual məkanda Azərbaycan xalqının milli-mənəvi dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Humanitar və İctimai elmlər bölmələrində alim və mütəxəsisslərin hazırladığı hər bir məqalə Vikipediyaya daxil edilməlidir”.

Alim, həmçinin AMEA-da nəşr olunan bütün kitab, kitabça və monoqrafiyaların biblioqrafik məlumatlarına onların vikipediya ünvanlarının da əlavə olunmasının zəruriliyini qeyd edib.  

Akademik-katib bu gün İnternetin cəmiyyətin bütün sferalarına nüfuz etdiyi qloballaşma dövründə hər bir insanın real ölkə ilə yanaşı, həm də virtual məkanın vətəndaşı olduğunu, İKT-nin yaratdığı imkanlardan geniş istifadə etdiyini bildirib. Diqqətə çatdırıb ki, müasir dövrdə sosial mediadan istifadənin geniş yayılması müsbət dəyişikliklərlə yanaşı, bir çox təhlükələrin də meydana gəlməsinə səbəb olmuş, ölkədaxili proseslərə ciddi təsir göstərmişdir.

R.Əliquliyev bütün bunları nəzərə alaraq, ölkəmizdə sosiologiya elmi sahəsində multidissiplinar tədqiqatların aparılmasının müasir dövrün tələbi olduğunu diqqətə çatdırıb. Bildirib ki, müvafiq sahə üzrə dünya təcrübəsinin öyrənilməsi, ölkədə hazırkı vəziyyətin araşdırılması və yüksəkixtisaslı kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir.

Son zamanlar kibercinayətkarlıq və süni intellekt məsələlərinin də aktuallıq kəsb etdiyini qeyd edən R.Əliquliyev bu istiqamətdə dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasının, beynəlxalq təcrübənin araşdırılması və ölkəmizdə tətbiqinin zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: