www.science.az
11.02.2019 16:14

“Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası çapdan çıxıb

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və həmin qurumun Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədovun həmmüəllifləri olduqları “Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası nəşr olunub.

Dörd bölümdən ibarət olan monoqrafiyanın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Dövlət mükafatları laureatı, akademik Boris Qusevdir.

Kitabda səth qatlarının nanostrukturlaşdırma prinsipləri və örtüklərin çəkilməsi məsələləri əksini tapıb. Həmçinin nanotexnologiya yanaşmalarının həyata keçirilməsinin bəzi nümunələrinə baxılıb və onların təcrübədə istifadəsinin üstünlükləri göstərilib. Materialların səth qatlarının nanostrukturlaşdırma yolu ilə möhkəmləndirilməsinin yeni metodları, nanostrukturlu örtüklərin çəkilməsi, submikrokristallik strukturun daxili sərhədlərin bölünməsinin formalaşmasına baxılıb.

Metalların səthində nazik pərdələrin artmasının modelləşdirilməsi, fraktal metod yanaşmaları inkişaf etdirilib, büzmənin kinetikası təhlil edilib və nazik pərdələrin artmasının ədədi modelləşdirməsi göstərilir.

Kitab bərk cismin mexanikası və plastiklik və möhkəmlik fizikası, fiziki materialşünaslıq sahəsində çalışan elmi-texniki mütəxəssislər üçün nəzərdə tutulub, həmçinin müəllimlər, aspirantlar və ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri üçün də faydalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.