Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcək
13.02.2019 15:01
  • A-
  • A
  • A+

“Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcək

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti ümumi yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Alim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, orta əsrlərdə yaşamış, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar ötən il müəyyən işlər həyata keçirilib. Qeyd olunub ki, sözügedən Sərəncam ilə təsdiq olunan Tədbirlər Planına əsasən Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərinin birinci cildi bölmə əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən tərcümə olunaraq çap edilib. Hazırda əsərin ikici və üçüncü cildləri üzərində işlənilir. Bundan əlavə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2018-ci il üçün olan növbəti sayca 12-ci nəşri Baba Nemətullah Naxçıvaniyə həsr edilib. Həmin institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov tərəfindən Baba Nemətullah Naxçıvaninin bir sıra əsərlərinin toplanıldığı “Qardaşların hidayəti” kitabı tərcümə olunaraq çapa hazırlanıb.

Daha sonra İ.Hacıyev “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və Təşkilat Komitəsinin yaradılması ilə bağlı məlumat verib. O, konfransın elmi istiqamətinin müəyyən edilməsi və ictimaiyyətə təqdim olunması barədə tapşırıqlar verib.

Bölmənin Rəyasət Heyətinin qərarı ilə cari ilin iyun ayında nəzərdə tutulan konfransın keçirilməsi üçün 10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Akademik İsmayıl Hacıyevin sədrlik edəcəyi komitəyə AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Fəxrəddin Səfərli, Vəli Baxşəliyev, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, filologiya üzrə fəlsəfə doktorları Nərgiz İsmayılova, Elxan Məmmədov, Rəşad Zülfüqarov, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimov və Fəxrəddin Eylazov daxil edilib. Müəssisə rəhbəri Nemətullah Naxçıvani irsi ilə bağlı tədqiqat aparan Türk tədqiqatçılarının da Təşkilat Komitəsinin tərkibinə daxil edilməsinin zəruriliyini qeyd edib.

İclasda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın dissertasiya mövzusu və ixtisas şifrində dəyişiklik edilməsi ilə bağlı bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova məlumat verib.

Gündəlikdəki növbəti məsələ bölmənin bir sıra institutlarına yeni təyin olunan kiçik elmi işçilərin fərdi iş planlarının təsdiq edilməsi barəsində olub. Məsələ ilə bağlı bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məlumat verib. Doqquz əməkdaşın təqdim olunan mövzuları müzakirə olunaraq Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. 

Tədbirdə bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə məlumat verib.

Sonda bir sıra elmi-təşkilati və cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: