Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.02.2019 16:47
  • A-
  • A
  • A+

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunan tədbir keçirilib

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunan tədbir keçirilib

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib.  

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, şuranın İdarə Heyətinin üzvü Azər Həsrət, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva, MEK-in kollektivi və digər qonaqlar iştirak ediblər.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar günün əhəmiyyətindən söz açıb. Bilik mənbəyi olan kitabın  insanın ən yaxın dostu olduğunu, dünya görüşünün zənginləşməsi, insanların həyata baxışlarının formalaşmasında, dəyişməsində əvəzedilməz bir vasitə olduğunu bildirib. L.İmanova 2018-ci ildə MEK-in fəaliyyətinin beynəlxalq müstəvidə qiymət almasına nümunə olaraq kitabxananın Macarıstan prezidenti tərəfindən “Qızıl xaç” ordeninə layiq görüldüyünü, UNESCO-nun İşçi Qrupu tərəfindən MEK-in müəllifi olduğu elektron kataloqun tarixi abidələrin sistemli şəkildə qeydiyyata alınması üçün etibarlı format kimi təsdiq edildiyini söyləyib. Bildirilib ki, Almaniyanın Berlin Hunboldt Universitetinin fəxri professoru Klaudia Luks tərəfindən MEK fəaliyyətinə ekspert baxışı keçirilib və fəaliyyətin beynəlxalq standartlara uyğun olduğu, bir sıra fəaliyyətlərə isə dünyanın heç bir kitabxanasında rast gəlinmədiyi təsdiqlənib.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və şuranın İdarə Heyətinin üzvü Azər Həsrət kitab oxumağın bir mədəniyyət, zənginlik olduğunu söyləyərək, Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş tədbirin təşkilinə görə MEK rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qonaqlar informasiyanın mühafizə olunması, KİV-lərin arxivinin qorunması məsələlərinə də toxunaraq, bu sahədə işlərin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd ediblər.

AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva 2012-ci ildə ABŞ-da uşaq ədəbiyyatı saytının təsisçisinin təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə belə bir aksiyanın – Kitab bağışlamanın təşkilinin və getdikcə beynəlxalq səviyyədə vüsət almasının təqdirəlayiq olduğunu bildirib. Rəis müavini zəngin xəzinə olan kitabı böyüməkdə olan nəslə sevdirmək, mütaliəni vərdiş etdirməyin zəruri olduğunu bildirərək, yaşadığımız rəqəmsal əsrdə bunun önəmliyini qeyd edib. İnformasiyanın insan həyatında vacibliyindən söz açaraq, 2018-ci il ərzində akademiyanın institut və təşkilatlarının saytlarına edilən müraciətlər və yerləşdirilən xəbərlərlə bağlı statistik rəqəmləri də nəzərə çatdırıb. Onun sözlərinə görə, ötən il akademiya saytlarına ümumilikdə 2 milyondan artıq  müraciət qeydə alınıb. Xəbərlərin sayına gəlincə isə, akademiyanın saytlarında ümumilikdə 5000-dən artıq xəbər yerləşdirilib. Mediada yayılan xəbərlərin, müxtəlif səpkili materialların sayı isə bundan dəfələrlə artıqdır. AMEA-nın təkcə elm.gov.az portalına edilən müraciətlər isə 2 milyona çatıb, 3000-ə yaxın xəbər yerləşdirilib.

Tədbirdə, həmçinin MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 2018-ci ildə görülmüş işlərlə bağlı təqdimatla çıxış edib. M.Göyüşlü şöbə tərəfindən kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsi, həmçinin KİV ilə aparılan işlər haqqında məlumat verib. M.Göyüşlü MEK-in beynəlxalq kitab mübadiləsi çərçivəsində 37 ölkənin 105 elmlər akademiyası, universitet, muzey və ayrı-ayrı şəxslərilə mübadilə apardığını qeyd edib. Mübadilə aparılan ölkələr sırasında ABŞ, Türkiyə, Böyük Britaniya, Yaponiya, Çin, Fransa, Almaniya, Rusiya, Belarus, Ukrayna, Norveç, Qazaxıstan, İran, Misir, Avstriya, İsveçrə, Çex, Rumıniya və digər ölkələr də var. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə çap olunan qəzetlərin Vikipediada səhifələrinin yaradılması istiqamətində görülən işlər haqqında da məlumat verib.

Tədbirdə Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aytən Səfərova və şöbənin əməkdaşı Aytən Rəhimova da təqdimatla çıxış ediblər, MEK tərəfindən həyata keçirilən “Açıq kitabxana” layihəsi, kitab aksiyası, tədbirlər haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Sonda MEK-in Mübadilə fondundan tədbir iştirakçılarına kitablar hədiyyə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: