Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

19.02.2019 14:28
  • A-
  • A
  • A+

AMEA-nın elmi nəşrlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı iclas keçirilib

AMEA-nın elmi nəşrlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı iclas keçirilib

Fevralın 19-da akademiyanın Əsas binasında AMEA-nın Elmi Nəşriyyat Şurasının genişləndirilmiş iclası keçirilib.

İclasda Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli “AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qərarının icrası ilə bağlı həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, eləcə də akademiyada nəşr olunan jurnalların baş redaktorları və məsul katibləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik A.Əlizadə elmi jurnalların nəşrinin Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin ölkəmizin müasir inkişaf səviyyəsi və potensialı haqqında məlumatların dünyaya çatdırılması baxımından önəmini vurğulayıb. O, AMEA-da elmi jurnalların keyfiyyətinin artırılması məsələsinin son illərdə Rəyasət Heyəti tərəfindən diqqət mərkəzində saxlanıldığını bildirib. AMEA rəhbəri bu məqsədlə Elmi Nəşriyyat Şurasının tərkibinin yeniləndiyini, akademiyada elmi nəşrlərin təkmilləşdirilməsi ilə bağlı xüsusi təkliflərin hazırlandığını qeyd edib.

Bu gün AMEA-da 50-ə yaxın jurnalın dərc olunduğunu deyən A.Əlizadə nəşrlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb, onların “Web of Science”, “Scopus” kimi beynəlxalq səviyyəli bazalar tərəfindən qəbul edilməsi istiqamətində işlərin görülməsinin əhəmiyyətini qeyd edib.

AMEA rəhbəri, həmçinin bir sıra nəşrlərin peşəkar fəaliyyət göstərdiyini, riyaziyyat və kimya elmləri üzrə dörd jurnalın “Web of Science” platformasına, bir jurnalın isə “Scopus” elmi bazasına daxil edildiyini diqqətə çatdırıb. Alim həmin jurnallara maddi yardımın ayrılmasının nəzərdə tutulduğunu deyib.

A.Əlizadə AMEA-nın başlıca nəşri olan “Məruzələr” jurnalının fəaliyyətinin təkmilləşdirilməsi məsələsinə də toxunaraq, elmi yeniliklərin burada dərcinin zəruriliyini vurğulayıb.

Sonra Elmi Nəşriyyat Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada çap olunan elmi jurnalların monitorinqinin nəticələrini təqdim edib. 

M.Mərdanov akademiyada işıq üzü görən 5 nəşrin - "Tətbiqi və hesablama riyaziyyatı jurnalı", “Azərbaycan riyaziyyat jurnalı”, “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, “Kimya problemləri” və “Neft kimyası və neft emalı prosesləri” jurnallarının “Web of Science” platformasına, “AMEA-nın Xəbərləri jurnalının riyaziyyat buraxılışı”nın isə “Scopus” elmi bazasına daxil olduğunu bildirib. Bundan əlavə, AMEA-nın 25 elmi jurnalının əsas tələblərə cavab verdiyini və nüfuzlu beynəlxalq elmi bazalara daxil olmaq üçün zəruri potensiala malik olduğunu diqqətə çatdırıb.

Nəşrlərin fəaliyyətinin təkmilləşdirilməsi üçün Tədbirlər Planının hazırlandığını deyən M.Mərdanov jurnalların illik müsabiqəsinin keçirilməsinin, redaksiyaların əməkdaşları üçün seminarların təşkilinin, nəşrinə ehtiyac olan yeni jurnalların təsis edilməsinin və digər işlərin nəzərdə tutulduğunu deyib. O, həmçinin jurnalların ingilis dilində çap edilməsinin və məqalələrin xülasəsinin geniş yazılmasının zəruriliyini vurğulayıb.

İclasda şura tərəfindən “Nüfuzlu jurnala məqalə hazırlamağın qaydaları” haqqında metodik vəsaitin tərtib ediləcəyi də diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa HəbibbəyliDilqəm Tağıyevİradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim ƏliquliyevFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, f.ü.f.d. Mayis Gülalıyev və digərləri çıxış edərək bu sahədə mövcud problemlərdən danışıb, təkliflərini səsləndiriblər. Çıxış edənlər elmi jurnalların müasir dövrün tələblərinə uyğunlaşdırılması, nəşrlərin bir qisminin adının dəyişdirilməsi, daimi rəyçilərin həvəsləndirilməsi, magistrantlara məqalələrin yazılma qaydaları və üslubunun tədris olunması, elmi yazarların hazırlanması kimi məsələlərin önəmini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: