Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

20.02.2019 10:27
  • A-
  • A
  • A+

Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunan tədbir keçirilib

Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunan tədbir keçirilib

Fevralın 19-da AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə 27 mart – Elm Gününə həsr olunmuş “Super Moon” adlı tədbir keçirilib.

Tədbirdə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında" 9 aprel 2018-ci il tarixli Sərəncamının elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

N.Cəlilov tədbirin adının “Super Moon” seçilməsinin təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Ay Yerin ətrafında dartılmış orbit üzrə hərəkət edir. Yəni ay ərzində bir dəfə ən yaxın məsafədə, bir dəfə isə ən uzaq məsafədə olur. Bu yaxın məsafələrin özü, təxminən 356-365 min kilometr arası dəyişə bilər. 19 fevral tarixinə təsadüf edən “Super Ay” (Super Moon) hadisəsində Ay Yerə 356,761 min kilometr məsafəyə qədər yaxınlaşacaq. Qeyd edib ki, bu zaman Ay daha parlaq görünür və səthindəki detallar daha aydın seçilir.

Sonra planetariumun direktoru, ŞAR-ın elmi işçisi Famil Mustafa çıxış edərək dövlət başçısının ölkəmizdə “Elm günü”nün təsis edilməsi barədə Sərəncamının icrası ilə əlaqədar olaraq akademiyada Tədbirlər Planının təsdiqləndiyini və bu istiqamətdə ilk təşəbbüsü rəsədxananın həyata keçirdiyini deyib.

Daha sonra ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi astronomiya ilə bağlı elmi-populyar məruzə ilə çıxış edib. Məruzəçi astronomiya elminin inkişaf tarixi, əldə olunan nailiyyətlər və perspektiv planlardan danışıb, eləcə də dünyanın yaranışı haqqında müxtəlif nəzəriyyələr barədə məlumat verib.

Tədbirin sonunda kosmosa səyahətlə bağlı sənədli film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: