www.science.az
25.02.2019 16:01

Akademik Həmid Araslının 110 illik yubileyi Ədəbiyyat İnstitutunda qeyd olunub

Fevralın 25-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Əvvəlcə XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan H.Araslının elmi yaradıcılığına həsr olunmuş sərgi nümayiş etdirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açıb.  O, Prezident İlham Əliyevin “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” 11 fevral 2019-cu il tarixli Sərəncamını elmimizə, ədəbiyyatşünaslığımıza göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb.

İ.Həbibbəyli bildirib ki, alimin irsində klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti H.Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır.

“Orta əsrlər Azərbaycan ədəbiyyatının bir sıra naməlum sənətkarlarının yaradıcılığı məhz H.Araslının axtarışları nəticəsində üzə çıxmışdır” – deyə bildirən AMEA-nın vitse-prezidenti yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə onun Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar apardığını, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanındığını söyləyib. Qeyd edib ki, H.Araslı böyük Azərbaycan şairləri - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məshəti Gəncəvi, Xaqani Şirvani, Nemətullah Pişəvari, Şah İsmayıl Xətai və s. barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib. İmadəddin Nəsiminin əsərlərinin ən mükəmməl çapı H.Araslının tərtib edərək nəşr etdirdiyi seçilmiş əsərləri hesab olunur.

Bildirilib ki, məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim ölkənin mədəni-ictimai həyatında da yaxından iştirak edib. AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir. H.Araslının çoxcəhətli yaradıcılığı Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ədəbiyyat, Əlyazmalar, Şərqşünalıq institutları və Mərkəzi Elmi Kitabxana ilə üzvi şəkildə bağlıdır. 

İ.Həbibbəyli görkəmli alimin müdafiə etdiyi “XIII-XV əsrlər Azərbaycan ədəbiyyatı" mövzusundakı namizədlik, “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı” mövzusundakı doktorluq dissertasiyalarının ədəbiyyatşünaslıq elminin sanballı, ümumiləşdirilmiş tədqiqatları kimi yüksək qiymətə malik olduğunu vurğulayıb. O, H.Araslının əsərlərinin müasir Azərbaycan ədəbiyyatşünasları üçün etibarlı, mötəbər mənbə olduğunu qeyd edib.

Daha sonra professor Qəzənfər Paşayevin “Böyük folklorşünas alim”, professor Şirindil Alışanlının “Görkəmli ədəbiyyat tarixçisi”, filologiya elmləri doktoru Fəridə Əzizovanın “Həmid Araslı və klassik ədəbiyyat problemləri” və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Həmid Araslı və türk-müsəlman dünyası ədəbiyyatı” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.e.d. Paşa Kərimov və digərləri çıxış edərək H.Araslı yaradıcılığından söz açıb, onun elmi irsinin daha dərindən öyrəniləcəyini və gənclər üçün layiqli örnək olaraq qalacağını bildiriblər.

Sonda alimin qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edərək atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.