Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qıpçaqların tarixinə həsr olunan əsər işıq üzü görüb
04.03.2019 10:04
  • A-
  • A
  • A+

Qıpçaqların tarixinə həsr olunan əsər işıq üzü görüb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Rauf Hüseynzadənin “Dəşt-i-Qıpçağın türkləri və ətraf dünya: köçəri şölün və oturaq vahənin simbiozu” adlı monoqrafiyası rus dilində çapdan çıxıb.

“Afpoliqraf” mətbəəsində çap olunan əsərin elmi redaktoru antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, elmi rəyçiləri - t.ü.f.d. Emil Kərimov və t.ü.f.d. Yunis Nəsiblidir.

Əsərdə Deşt-i-Qıpçaq (Qıpçaq Çölü) türklərinin ətraf dünya ilə münasibətləri nəzərdən keçirilir. Orta əsrlərdə türklər tərəfindən yaradılmış dövlətlər içində ən uzun ömürlü, 600 illik Sir-Qıpçaq xaqanlığının tarixinə xüsusi toxunulur. Müəllifin göstərdiyi kimi qıpçaqların varisləri çağdaş dövrümüzdə Mərkəzi, Ön və Kiçik Asiyada, Qafqazda və Şərqi Avropada yaşayırlar.

Nəşrdə ərazi-tarixi diapazonunda hunlardan qıpçaqlara kimi Dəşt-i-Qıpçaq arealında Köçəri Çölün Oturaq Vahə ilə münasibətlərinin qanunauyğunluqları təhlil edilib. Tədqiq edilən dövrdə ölkələrin, tayfa və xalqların hərbi-siyasi süjetləri, etnogenez və qlottogenez problemləri əsərdə xüsusi olaraq vurğulanıb.

Vəsait etnoloqlar, türkoloqlar, orta əsr tarixi üzrə ixtisaslaşan tarixçilər, həmçinin, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: