Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində “Elm həftəsi” ilə bağlı silsilə tədbirlər keçirilir
13.03.2019 14:28
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Elm həftəsi” ilə bağlı silsilə tədbirlər keçirilir

“Elm həftəsi” çərçivəsində AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun fəaliyyətinə dair hesabat dinlənilib.

Tədbirdə institutun direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin 2009-2018-ci illərdə əldə etdiyi mühüm nəticələrdən danışıb.

"Bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsaslarının araşdırılması institutun qarşısında duran əsas vəzifələrdəndir" - deyə bildirən alim müəssisədə Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları mövzusu üzrə 25 mərhələdə 11 tədqiqat işinin həyata keçirildiyini söyləyib.

İ.Məmmədov institutun tərkibində 4 şöbə, 4 laboratoriya, Nəbatat bağı, Zooloji muzey, Yaşıl əczaxana və Herbari fondunun fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, əməkdaşların bugünədək 1606 elmi əsəri çap edilib. Onlardan 33 elmi məqalə Thomson, 70-dən artıq elmi məqalə isə impakt faktorlu jurnallarda işıq üzü görüb.

Vurğulanıb ki, institutda Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyi və onun nadir növlərinin qorunmasına dair bir sıra əsərlər nəşr edilib. Onlardan 2 cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması”, 2 cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabları”, Azərbaycan və rus dilində ”Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, ”Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının Ampleoqrafiyası” və digər sanballı əsərləri göstərmək olar. Eyni zamanda Naxçıvan Muxtar Respublikası florasının Mamırları, Qıjıları, Çılpaqtoxumlu bitkiləri, Zəravəndkimilər, Laləkimilər, Zəngçiçəyikimilər və Qurğuşunçiçəyikimilər fəsilələrinə aid kitablar, o cümlədən “Naxçıvan Muxtar Respublikasının bitkiliyi”, “Naxçıvan Muxtar Respublikasının onurğalılar faunasının taksonomik spektri”, "Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” və digər elmi kitablar nəşr edilib.

Diqqətə çatdırılıb ki, institut əməkdaşları tərəfindən noxudun “Qaraca-85” və arpanın “Qılçıqlı-85” sortları yaradılıb. Muxtar respublikada ilk dəfə olaraq yeni sortun alınmasına nail olunub və sortlar üçün 2 patent alınıb. Tədqiqat dövründə institutun əməkdaşları Prezident yanında Elmin İnkişaf Fondunun 4 və bir xarici qrant layihəsinin qalibi olub.

Tədbirdə institut əməkdaşları tərəfindən çap edilən elmi əsərlər, kitab və monoqrafiyalar, tərtib edilən xəritələr və alınan patentlər sərgilənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: