www.science.az
15.03.2019 15:13

Elm gününə həsr olunan "Kimya fənn gecəsi" keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Aşqarlar Kimyası İnstitutunun (AKİ) birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonu 251 nömrəli orta məktəbdə 27 Mart - Elm Gününə həsr olunan "Kimya fənn gecəsi" keçirilib.

Tədbir iştirakçıları əvvəlcə məktəbdə yaradılmış "Kiçik akademiya"da olub, şagirdlərin kosmosla bağlı layihəsi barədə məlumat alıblar. Həmçinin məktəblilərin əl işlərindən ibarət sərgiyə də baxış olub.

"Kimya fənn gecəsi"ni məktəbin direktoru Aygün Əzizova açaraq rəhbərlik etdiyi müəssisənin şagirdlərinin Respublika Fənn Olimpiadasında yüksək nəticələr göstərdiyini, Türkiyə və Rumıniyada keçirilən müsabiqələrdə bürünc medallar qazandıqlarını, həmçinin iki qrant müsabiqəsinin qalibi olduqlarını bildirib.

O, tədbirin istedadlı şagirdlərin elmə marağının yaradılmasında və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində böyük rol oynayacağını vurğulayıb.

Sonra GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək ölkə başçısının Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamının əhəmiyyətindən danışıb. O, Elm Gününün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tədbirlər Planı qəbul etdiyini bildirib.

AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini deyən F.Salmanov akademiyada magistratura təhsili pilləsinin yaradıldığını, universitetlər və orta təhsil müəssisələri ilə sıx əməkdaşlıq edildiyini, elmin təbliği üçün birgə kafedraların və elm guşələrinin formalaşdırıldığını diqqətə çatdırıb. Bundan əlavə, məktəblilər üçün AMEA-da açıq qapı günlərinin təşkil edildiyini, şagirdlərin "Sabahın alimləri" müsabiqəsi çərçivəsində akademiyada təcrübə keçdiklərini söyləyib.

Sonra AKİ-nin laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev zərif üzvi kimya və tibb kimyasının aktual problemlərinə həsr olunan "Özümüzü qorxulu xəstəliklərdən necə qoruyaq?" mövzusunda elmi-populyar təqdimatla çıxış edib, şagirdlərin suallarını cavablandırıb.

Tədbir çərçivəsində şagirdlərin elementar kimya biliklərini qiymətləndirmək üçün "Kimyanı məntiqlə düşün" adlı müsabiqə keçirilib. Müsabiqənin qalibləri və elmi müzakirələrdə fəallığı ilə seçilən məktəblilər AKİ-nin diplom və təşəkkürnamələrilə təltif olunublar.

Sonda Aşqarlar Kimyası İnstitutunun magistrantları şagirdlər üçün əyləncəli təcrübələr nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.