Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bəzi efir yağlı bitkilərin Abşeronda introduksiyası və bioekoloji xüsusiyyətləri tədqiq olunub
07.04.2020 13:21
  • A-
  • A
  • A+

Bəzi efir yağlı bitkilərin Abşeronda introduksiyası və bioekoloji xüsusiyyətləri tədqiq olunub

AMEA-nın Dendrologiya İnstitutunun böyük elmi işçisi İradə Məmmədova tərəfindən sədokimilər fəsiləsinin bəzi efir yağlı növlərinin Abşeronda çoxaldılması, yerli şəraitə uyğunlaşdırılması, bioloji, ekoloji və dekorativlik xüsusiyyətlərinin  öyrənilməsi məqsədilə tədqiqatlar aparılıb.  O, Ətirli sədo (Ruta graveolens L), Üçyarpaq ponsirus (Poncirus trifoliata L. Rafin) növlərinin Abşeron şəraitində introduksiyası və iqlimləşdirilməsi məqsədilə toxumla çoxaldılması, cücərtilərin morfologiyası və inkişaf dinamikasını araşdırıb.

Tədqiqat işi Dendrologiya İnstitutunun təcrübə sahəsində aparılıb. Abşerondan yığılmış və respublikamızın müxtəlif bölgələrindən gətirilmiş toxumlar istixana şəraitində, payız ayında torpaqda səpilib. Hər iki növün cücərtilərinin əsas ontogenez mərhələlərinin keçmə xüsusiyyətləri, səpindən cücərtilərin əmələ gəlməsinədək olan dövr və cücərtilərinin xarici görünüşü haqqında məlumatlar təhlil edilib.

Araşdırma nəticəsində Ətirli sədo növünün toxumlarının cücərmə faizi 50%, Üçyarpaq ponsirus növünün toxumlarının cücərmə faizi 20% olub. Cücərtilərin morfologiyasını öyrənərkən məlum olub ki, ətirli sədo bitkisinin hipokotel hissəsi 4-5 sm uzunluğundadır. Ləpə yarpaqları isə yaşımtıl-bozumtul rəngdə, qarşı-qarşıya çevrilmiş yumurtavari formada olub, uzunluğu 1 sm-ə qədərdir.  Üçyarpaq ponsirus bitkinin isə uzunluğunun 30-32 sm, yarpağının uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm, tikanlarının uzunluğu isə 1-1,2 sm olduğu müəyyənləşdirilib.

Tədqiq olunan hər iki növ dekorativ bitki kimi parkların, bağların, çəpərlərin yaşıllaşdırılmasında geniş istifadə edilir. Bundan başqa, sədokimilər fəsiləsinə aid olan bu növlər efir yağlı bitkilər olduğundan tibbdə qastrit, allergiya, revmatizm kimi bir sıra xəstəliklərin müalicəsində, o cümlədən ağrıkəsici kimi geniş istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: