Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana “Naxçıvan Ensiklopediyası”nın I və II cildlərini oxuculara elektron formatda təqdim edir
19.05.2020 14:41
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana “Naxçıvan Ensiklopediyası”nın I və II cildlərini oxuculara elektron formatda təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası “Naxçıvan Ensiklopediyası”nın I II cildlərini pdf formatda oxuculara təqdim edir.

Qeyd edək ki, "Naxçıvan Ensiklopediyası" ümummilli lider Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb. Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb.

"Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib. 

Tarixə dair məqalələrdə ən qədim dövrlərdə Naxçıvan Muxtar Respublikası ərazisindəki arxeoloji mədəniyyətlərdən, qədim və orta əsr dövrlərindən, tarixi vilayətlərdən, mühüm taleyüklü hadisələrdən, müharibələrdən və onları başa çatdıran müqavilələrdən ensiklopedik prinsiplərə uyğun bəhs edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: