Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər barədə məlumat verib
29.06.2020 11:47
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər barədə məlumat verib

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəfələrlə soyuqdəymənin ilk əlamətlərində bəzi insanların çox miqdarda qəbul etdikləri antibiotiklərdən istifadə etməsinin antibiotikrezistentliyə gətirib çıxara biləcəyi bəyan edilir. Başqa sözlə, mikrobların müəyyən növləri həmişə istifadə olunan preparatlara öyrəşir, mutasiyaya uğrayır və artıq onları qəbul etmir. Bu zaman antibiotik xüsusiyyətlərə malik bir çox bitkilərdən istifadə olunur. Bu bitkilərin əlavə təsirləri yoxdur və tibbi preparatlardan ucuzdur.

Bu fikirləri AMEA-nın Dendrologiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Məmmədov səsləndirib. Alim təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər barədə məlumat verib, onların müalicəvi xüsusiyyətlərini diqqətə çatdırıb.

Qeyd edib ki, təbii antibiotiklərin hər orqanizmə təsirini qiymətləndirmək çətindir. Lakin soyuq havada vaxtaşırı onları qidaya əlavə etdikdə immuniteti möhkəmləndirir. Onun sözlərinə görə, belə bitkilərdən olan reyhan niversal təbii antibiotikdir, dezinfeksiya və bakterisid xüsusiyyətlərə malikdir və orqanizmi müxtəlif infeksiyalardan qoruyur. Bu bitki soyuqdəymədə, qripdə istifadə edilir. Bronxlardan bəlğəmi çıxarır, öskürəyi aradan qaldırır. Həmçinin hərarəti sala bilər, yuxusuzluğu və əsəb gərginliyini götürür.

T.Məmmədov erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü olan mərcangilə barədə danışaraq bu bitkinin meyvələrinin pektin maddələr, polifenol və efir yağları ilə zəngin olduğunu deyib: “Tərkibində təxminən 70 xeyirli üzvi birləşmə, vitaminlər, xüsusilə C vitamini var. Provitamin A-nın miqdarına görə mərcangilə quşüzümü, limon, armud, alma, üzüm və qaragilədən üstündür. Onun meyvələrində benzoy turşusu - təbii konservant mövcuddur. Benzoy turşusunun yaratdığı mühitdə xəstəliktörədici mikroblar inkişaf və çoxalmaq qabiliyyətini itirir. Sidik-ifrazat sistemi xəstəlikləri, xüsusilə sistitlərin müalicəsində istifadə edilir. Mərcangilədən hazırlanan içki çox vaxt xərçəng intoksikasiyasında, kimyaterapiyadan sonra təyin edilir”.

İyul və sentyabr aylarında bitən qaragilə meyvələrinin tərkibində 20 faizə qədər şəkər, 7 faiz aşı maddəsi, 8 faizə qədər limon və alma turşuları, habelə C vitamini, karotin, pektin maddələri mövcud olduğunu vurğulayan institut direktoru onun giləmeyvələrindən mədə-bağırsaq pozulmasında, ishalda, dizenteriyada istifadə edildiyini diqqətə çatdırıb. Bildirib ki, son illərdə onun yarpaqları qurudulmaqla çay hazırlanaraq diabet xəstəliyində, qanda şəkərin miqdarını azaldıcı dərman kimi qəbul edilir. Giləmeyvələrin tərkibində olan aspirinə bənzər maddə ağrıkəsici və hərarət salan təsirə malikdir.

“Tərkibində yüksəkkeyfiyyətli yağ olan xardal toxumundan bitki yağı istehsalında min illər ərzində xammal kimi istifadə olunur”, – deyə bildirən T.Məmmədov qeyd edib ki, xardalın əsas xeyirli xüsusiyyətləri antimikrob, antigöbələk və iltihaba qarşı təsiridir. Hərarət olmadıqda, soyuqdəymənin ilk əlamətlərində, boğaz qıcıqlanmasında, uzunmüddətli öskürəkdə istifadə edilir.

O, əlavə edib ki, dekabrda yetişən və yayın ortasınadək bütün xüsusiyyətlərini saxlayan qreypfrutun toxumlarından hazırlanan cövhər isə 800 ştamm bakteriya və 100 növ göbələyə qarşı effektlidir.

Alim tərkibində efir yağı olan zəncəfilin mədənin həzmetmə fəaliyyətini artırdığını, mədə-bağırsağın iltihabının və çürüməsinin qarşısını aldığını söyləyib: “Bu bitki soyuqdəymə, tonzillit, angina, laringit, faringit, bronxit, pnevmoniyanın kompleks müalicəsində istifadə edilir. Lakin qaraciyər, mədə xorası xəstəliklərində, allergiya kəskinləşdikdə, hipertoniklərə və ürək-damar xəstəlikləri olan insanlarda istifadə etmək təhlükəlidir”.

T.Məmmədov, həmçinin adokskimilər fəsiləsinə aid bitki cinsi olan başınağacının Azərbaycanda yabanı halda üç növünün yayıldığını söyləyib. Vurğulayıb ki, elmi təbabətdə onun qabıqlarından sulu dəmləmə, bişirmə və cövhər formada preparatlar hazırlayıb, daxili qanaxmalarda və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir. Soyuqdəymə, öskürək, qrip, angina, pnevmoniya, bronxit, avitaminozda, bədənin yüksək hərarətində istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: