www.science.az
25.06.2015 10:22

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda yeni laboratoriya yaradılır

AMEA Rəyasət Heyətinin 24 iyun 2015-ci il tarixində keçirilmiş iclasında AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQÜKİ) “Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar (İNTERLABCAT)” laboratoriyasının yaradılması haqqında qərar qəbul olunub.

Bu haqda çıxış edən AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, KQÜKİ-nin direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, institut Berlin Texniki Universiteti, Belarus Milli Elmlər Akademiyasının (BMEA) İstilik və Kütlə Dəyişməsi İnstitutu və Böyük Britaniyanın Huddersfild Universiteti ilə neft mənşəli kaustobiolitlərdən karbon nanomaterialların alınması və onların karbohidrogenlərin oksidləşməsi proseslərində katalizator kimi tətbiqi sahəsində əməkdaşlıq edir.

Akademikin sözlərinə görə, beynəlxalq laboratoriyanın iştirakçıları neft xammalından karbon nanomateriallarının alınmasının əsaslarının işlənib hazırlanmasında və tam metroloji attestasiyasının aparılmasında, funksionallaşdırılmasında, onların müasir fiziki-kimyəvi tədqiqat üsullarının vasitəsi ilə analiz edilməsində, həmçinin alınmış nanokarbon materiallarının oksidləşmə proseslərində istifadə olunmasında maraqlıdırlar.

KQÜKİ, Berlin Texniki Universiteti, BMEA-nın İstilik və Kütlə Dəyişməsi İnstitutu və Huddersfild Universitetinin birgə tədqiqatlarının nanokarbon materiallarının sintezinə, onların analitik identifikasiyasına, təsvirinə, eləcə də, funksionallaşdırılmasına və tətbiqinə həsr olunacağı qeyd edilib. Yeni laboratoriya neft mənşəli nanokarbon katalizatorlarının alınması və onların tətbiqinin həlli istiqamətində beynəlxalq tədqiqat proqramının həyata keçirilməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.