www.science.az
07.09.2015 14:17

Görkəmli akademik Ağamusa Axundov son mənzilə yola salındı

Bu gün AMEA-nın Əsas binasında Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi, “Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, akademik Ağamusa Axundovla vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərhumun cənazəsi önünə hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alim Ağamusa Axundovun səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışdı.

Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü dilçilik elminin inkişafına həsr etdiyini vurğulayan AMEA rəhbəri qeyd etdi ki, akademik Ağamusa Axundov uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr vermişdir.

Bildirildi ki, akademik A.Axundovun simasında Azərbaycan elmi böyük dilçi alimi itirib. Azərbaycan dilinin fonemlər sisteminə dair ilk mükəmməl əsərin müəllifi Ağamusa Axundov elm aləmində dilçiliyin bütün sahələri üzrə fundamental araşdırmaları ilə tanınırdı. Onun qrammatika, nəzəri dilçilik, tarixi fonetika, etimologiya, dil tarixi, dialektologiya, üslubiyyat və nitq mədəniyyəti ilə bağlı ən müxtəlif aktual problemlərin yüksək nəzəri-metodoloji şərhini və dolğun həllini tapmış əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır.

Görkəmli elm xadimi, əsil ziyalı, təvazökar və səmimi insan A.Axundovun zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Vida mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademiklər Abel Məhərrəmov, Vasim Məmmədəliyev çıxış edərək alimin Azərbaycanın dilçilik elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.

Mərhumun ailəsi adından çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirdi.

Şərəfli ömür yaşamış Ağamusa Axundovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir