www.science.az
27.10.2015 11:49

Naxçıvanda “Dədə Qorqud” Beynəlxalq elmi simpoziumu keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvanda “Dədə Qorqud” mövzusunda Beynəlxalq elmi simpozium keçirilib. Simpoziumda ölkəmizin nüfuzlu alim və tədqiqatçıları ilə yanaşı, Türkiyə və İrandan olan mütəxəssislər, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək, üzərinə gül dəstələri qoyublar.

Sonra qonaqlar muzeylə tanış olublar. Burada ulu öndərin həyat və fəaliyyəti, şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolar, habelə müxtəlif eksponatlar barədə ətraflı məlumat verilib.

Daha sonra simpozium iştirakçıları AMEA Naxçıvan Bölməsində  Dədə Qorqudla bağlı Naxçıvanda çap olunan kitablardan ibarət sərgi ilə tanış olublar.

Simpozium öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq keçirilən simpoziumun işinə uğurlar arzulayıb. Bildirib ki, “Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada mühüm işlər görülmüşdür. Naxçıvan MR-sı Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində “Dədə Qorqud meydanı”nın salınması haqqında” 9 mart 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılmış və Dədə Qorqud meydanı yaradılmış, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə bağlı elmi konfrans keçirilmiş, tədqiqatlar aparılmış, kitablar nəşr olunmuşdur.

R.Məmmədov “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının təkmilləşdirilmiş ikinci nəşrinin hazırlanması, Dədə Qorqud boylarındakı sujet və qəhrəmanların rəsm və əl işlərində yaşadılması istiqamətində görülən işlərdən də danışıb. Qeyd edilib ki, Ali Məclis Sədrinin “Kitabi-Dədə Qorqud” irsinin yaşadılması sahəsində gördüyü işlər bütövlükdə milli dəyərlərimizə, ədəbi-mədəni irsimizə olan ehtiramın ifadəsidir. 

Beynəlxalq simpoziumun “Kitabi-Dədə Qorqud”un Naxçıvanla bağlılığının daha dərindən araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyən R.Məmmədov vurğulayıb ki, aparılan araşdırmalar dastanda təsvir edilən bir sıra tarixi hadisələrin məhz Naxçıvan ərazisində baş verdiyini tarixi və coğrafi dəlillərlə sübut edir. Buna görə də muxtar respublikada “Kitabi-Dədə Qorqud”la bağlı çoxsaylı ərazi adları mövcuddur.

Vurğulanıb ki, Naxçıvanda “Kitabi-Dədə Qorqud” boyları və onlardakı sujetlərlə əlaqədar olaraq 50-dən artıq toponim müəyyənləşdirilmişdir. Aparılan tədqiqatlar sübut edir ki, bu toponimlərin sayı daha çoxdur. Toponimlərin daha dərindən öyrənilməsi, yerləşdiyi ərazinin tarixi-coğrafi xüsusiyyətlərinin dəqiqləşdirilməsi Naxçıvanı və bir sıra türk torpaqlarını özlərinin “qədim torpaqları” hesab edən, özlərinə uydurma tarix yaradanlara ən kəskin və layiqli cavabdır.

Sonra AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin “Dədə Qorqud ideyaları və müasirlik”, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Dədə Qorqud və Naxçıvan folkloru”, İqdır Universitetinin professoru Turqut Öcalın “Türk ədəbiyyatında Dədə Qorqud” mövzusu, Təbriz Universitetinin müəllimi İbad Məmizadənin Ağdaşlının “İranda Dədə Qorqudun tədqiqi və nəşri məsələləri”, AMEA Naxçıvan Bölməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik İsmayıl Hacıyevin “Kitabi-Dədə Qorqud dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda məruzələri dinlənilib.

Çıxış edənlər “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə əlaqədar tarixi Sərəncam verdiyinə, beynəlxalq elmi simpoziumun keçirilməsinə himayə və qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir