Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.05.2016 15:24
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislərin III futbol çempionatının qalibləri mükafatlandırılıb

Gənc alim və mütəxəssislərin III futbol çempionatının qalibləri mükafatlandırılıb

Mayın 13-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsiAzad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin III futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Çempionatın final oyununda AMEA Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutunun komandaları mübarizə aparıb. Fizika İnstitutunun komandası çempionatın qalibi olub.

Qaliblərin mükafatlandırılması mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə komandaların üzvlərini təbrik edib, atıq üçüncü ildir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Ölkəmizdə bu sahənin, xüsusən də idman mədəniyyətinin gündən-günə daha sürətlə inkişaf etdiyini söyləyən AMEA-nın rəhbəri respublikamızın bütün rayon və şəhərlərində müxtəlif idman obyektlərinin inşa edilməsini, Milli Olimpiya Komitəsinin yaradılmasını, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına ev sahibliyi etməsini  dövlətimizin bu sahəyə diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov bu dəfəki çempionatda Akademiyanın müxtəlif institut və təşkilatlarından olmaqla, ümumilikdə 16 komandanın iştirak etdiyini və hər bir mərhələ üzrə oyunların maraqla keçdiyini söyləyib, göstərilən dəstəyə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra komandalar mükafatlandırılıb. AMEA-nın Fizika İnstitutunun komandası birinci, Geologiya və Geofizika İnstitutunun komandası ikinci, Genetik Ehtiyatlar İnstitutunun komandası isə üçüncü yeri tutub. Qalib komandaların üzvlərinə medal, diplom və pul mükafatları təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: