Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2016 09:16
  • A-
  • A
  • A+

İkinci Azərbaycan Elm Festivalı işini Sumqayıtda davam etdirib

İkinci Azərbaycan Elm Festivalı işini Sumqayıtda davam etdirib

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən İkinci Azərbaycan Elm Festivalı noyabrın 2-də Sumqayıtda öz işini davam etdirib.

Sumqayıt şəhər Dövlət Dram Teatrında baş tutan tədbiri giriş nitqi ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymur Səmədov qonaqları şəhər rəhbərliyi adından salamlayıb. O, İkinci Elm Festivalının Sumqayıt şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu, festivalın elmimizin inkişafına böyük töhfə verəcəyini bildirib. Teymur Səmədov ölkə Prezidenti İlham Əliyevin elmə göstərdiyi diqqət və qayğıdan, aparılan islahatlardan, Sumqayıt şəhərinin elm və təhsil sahəsindəki uğurlarından söz açıb.

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov İkinci Elm Festivalının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Akademik bildirib ki, festivalın əsas məqsədi son illər əldə etdiyimiz elmi nailiyyətləri geniş ictimaiyyətə çatdırmaq, gənclərdə elmi-tədqiqat işlərinə maraq oyatmaqdır. Akademik Əhliman Əmiraslanov festivalın Azərbaycan elminin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib.

“Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Vüqar Kərimov təbrik çıxışında AMEA-nın təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. Vüqar Kərimov daha sonra ölkə iqtisadiyyatının inkişafında mühüm rolu olan “Azərikimya” İstehsalat Birliyi haqqında məlumat verib.

Polimer Materialları İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxışında institutun keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan danışıb. Bəxtiyar Məmmədov institutda aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin Sumqayıt sənaye zonasında yerləşən zavodlarda və MDB ölkələrinin bir sıra müəssisələrində tətbiq edildiyini diqqətə çatdırıb.

Sonra Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov çıxış edərək Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinin ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. Professor çıxışında SDU-nun Akademiyanın institutları ilə əlaqələrindən danışıb, elmi əməkdaşlığın səviyyəsini artırmaq məqsədi ilə AMEA PMİ-nin nəzdində yaradılan “Yüksək molekullu birləşmələr kimyası və ekologiya” Elm və Tədris Mərkəzinin rolunu xüsusi vurğulayıb.

Tədbirin bədii hissəsi ABŞ-ın “Acidic Band” qrupunun, Azərbaycan Opera və Balet Teatrının solisti Fərmin Əhmədli  və digərlərinin iştirak etdiyi konsert proqramı ilə davam edib.

Daha sonra Heydər Əliyev Mərkəzinə və Sumqayıt Texnologiyalar Parkına ekskursiyalar təşkil olunub.

Festival Sumqayıt Dövlət Universitetində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam edib.

Qeyd edək ki, İkinci Azərbaycan Elm Festivalı AMEA-nın təşəbbüsü, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirilir. Festival öz işini noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: