www.science.az
16.03.2020 09:49

İngiltərəli alim Naxçıvan ərazisində paleozooloji tədqiqatlar aparıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurov, həmin şöbənin əməkdaşları F.Əliyeva və İ.Nəhmətova Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olublar. Ezamiyyətin məqsədi Böyük Britaniyadan ölkəmizə səfər edən arxeozoologiya üzrə mütəxəssis, London Arxeologiya İnstitutunun elmi əməkdaşı Qvendolin Maurer tərəfindən 2009-2015-ci illərdə I Maxta yaşayış yerində aparılan qazıntılar zamanı əldə edilən heyvan sümüklərinin elmi təhlilinin aparılması idi.

Ezamiyyətin ilk günündə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən bölmənin fəaliyyəti, Naxçıvan MR ərazisində son illərdə aparılan arxeoloji qazıntılar barədə məlumat verilib, ingiltərəli tədqiqatçıya bu haqda kitablar təqdim edilib. Daha sonra Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə və I Kültəpə abidələrinə, Möminə Xatun və Yusif ibn Küseyr türbələrinə, qədim Naxçıvan şəhər yerinə baxış keçirilib, Qvendolin Maurerə Naxçıvan memarlıq məktəbi barədə məlumat verilib.

Sonrakı günlərdə institutun əməkdaşları və ingiltərəli tədqiqatçı II Kültəpə, Oğlanqala, Ovçulartəpəsi, Qızqala, I Maxta abidələrində olublar. “I Maxta ekspedisiyası”nın rəhbəri Səfər Aşurov və ekspedisiyanın üzvü F.Əliyeva I Maxta yaşayış yerinin xüsusiyyətləri haqqında Q.Maurerə məlumat veriblər. Artefaktlarla tanış olan qonaq mütəxəssisi olduğu sahə üzrə abidədən aşkar edilərək toplanılan heyvan sümüklərini ilkin tədqiqata cəlb edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.