Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın onlayn təqdimatı keçirilib
30.07.2020 12:24
  • A-
  • A
  • A+

"Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın onlayn təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.

Tədbiri bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli alim Hüseyn Həşimlinin həyat və yaradıcılığından danışıb. Bildirib ki, cəmi 55 il ömür yaşayan professor Hüseyn Həşimli 30-a yaxın kitab və monoqrafiyanın, 340-dan çox elmi əsərin, yüzlərlə qəzet məqaləsinin müəllifi idi. O, Naxçıvan ədəbi mühitinin inkişaf yolları, mövzu rəngarəngliyinin öyrənilməsi istiqamətində arxiv materialları və köhnə nəşrlərdə olan ədəbi nümunələr əsasında ədəbiyyatşünaslıq məsələlərini tədqiq etmişdir.

“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzə ilə çıxış edən Əbülfəz Quliyev vurğulayıb ki, qədim və zəngin tarixə malik Naxçıvanın XX əsrdə yetişdirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun özünəməxsus yeri var. Onun qələmə aldığı roman, povest və hekayələr, sayı yüzlərlə ölçülən ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr dəyərini bugün də saxlamaqdadır. Professor Hüseyn Həşimli görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının sistemli, əhatəli şəkildə öyrənilmədiyini nəzərə alaraq, uzun müddətli araşdırmalarının nəticəsi kimi “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiya nəşr etdirmişdir.

Əbülfəz Quliyev qeyd edib ki, əsər çoxşaxəli yaradıcılığı ilə xalqa, Vətənə ləyaqətlə xidmət etmiş Ə.S.Qasımova həsr olunan dəyərli tədqiqat kimi mühüm əhəmiyyətə malikdir. Hüseyn Həşimli sözügedən kitabı yazmaq üçün arxivlərdən, kitabxanalardan, yüz ildən artıq bir dövrün mətbuatından müxtəlif səpkili materiallar toplamış, onları ilk dəfə sistemli tədqiqata cəlb etmişdir.

Vurğulanıb ki, giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Əli Səbri Qasımovun 91 illik həyatının əsas bioqrafik göstəriciləri, fəaliyyətinin başlıca istiqamətləri ardıcıllıq və dəqiqliklə nəzərə çatdırılıb. Görkəmli yazıçının “Qaraçılar”, “Ümid işıqları”, “Himayə”, “Firuzun kədəri” kimi hekayələri də elmi-ədəbi təhlilə cəlb olunub, onların bir qismi həm də uşaq ədəbiyyatımızın səciyyəvi örnəkləri sırasında nəzərdən keçirilib.

Diqqətə çatdırılıb ki, Əli Səbri Qasımovun ədəbi-tənqidi və publisistik irsinin tədqiqinə həsr olunan araşdırmalarda çoxsaylı materialların əksəriyyəti ilk dəfə elmi dövriyyəyə gətirilib. Tədqiqat əsərində yazıçının müxtəlif vaxtlarda qələmə aldığı memuarları, xatirat səpkili məqalələri, bir sıra tarixi hadisələri, sosial-mədəni prosesləri, ədibin müasiri olan görkəmli ziyalılarla bağlı maraqlı məqamları aydınlaşdırmaq baxımından əhəmiyyətli mənbələr kimi təhlilə cəlb edilib.

Təqdimat mərasimində AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və Ramiz Qasımov çıxış edərək professor Hüseyn Həşimlinin ictimaiyyətə təqdim olunan əsərini Azərbaycan ədəbiyyatşünaslıq elminin, eləcə də ölkə elminin mühüm nailiyyətlərindən biri kimi dəyərləndiriblər. Qeyd olunub ki, əsər Əli Səbri Qasımov haqqında ən ciddi, ədəbi-tarixi faktlarla zəngin və nəzəri cəhətdən yüksək elmi səviyyədə əsaslandırılmış fundamental monoqrafik tədqiqatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: