Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Nağı Nağıyev-110” mövzusunda onlayn elmi konfrans keçirilib
14.07.2020 12:03
  • A-
  • A
  • A+

“Nağı Nağıyev-110” mövzusunda onlayn elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan yazıçısı Nağı Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq tanınmış dramaturq, ictimai xadim, tərcüməçi, redaktor, rəssam Nağı Nağıyevin həyat və yaradıcılıq yoluna nəzər salıb. O, Nağı Nağıyevin Azərbaycan ədəbiyyat tarixindəki xidmətlərini qeyd edərək, ədibin əsərlərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, 70 illik ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən yazıçı dram əsərləri, roman, povest, hekayə, oçerklərlə yanaşı, həm də müxtəlif xalqların ədəbiyyatlarından tərcümələr edib. Ədəbi mühitin inkişafında misilsiz xidmətləri olan N.Nağıyevin əsərləri gənc nəslin yetişməsində mühüm rol oynayıb.

Əbülfəz Quliyev görkəmli yazıçının yaradıcılığının öyrənilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini deyərək, institutun “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2020-ci il üçün növbəti sayının N.Nağıyevə həsr olunduğunu bildirib.

Konfransda, həmçinin institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Nağı Nağıyevin tərcüməçilik fəaliyyəti”, şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Nağı Nağıyevin əsərlərində dil və üslub xüsusiyyətləri” və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Nağı Nağıyevin bədii nəsri” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: